Yaaz.az sağlam qidalanmağın və arıqlamağın yollarını təqdim edir:
1.Çox tez arıqlamağa çalışıb, yorucu iş günlərindən sonra saatlarla məşq etməkdənsə, həftələrlə şübhəli və mübahisəli dietalara əməl etməkdənsə, çox gəzməyə və az yeməyə çalışsanız, doğrudur daha gec, amma daha real nəticə əldə edə bilərsiniz. Axşamlar daha az və sulu yemək, ya da sadəcə olaraq, yüngül salatlarla, meyvə, tərəvəzlə kifayətlənmək sizə məqsədinizə çatmaqda kömək edə bilər. Axşam saat səkkizdən sonra isə yemək, ümumiyyətlə, məsləhət deyil.
2. Mətbəxinizdəki şkafları “təmizləyin” – kolbasa, tort, cips kimi qidaları və «rəngli» suları evdən və özünüzdən birdəfəlik uzaqlaşdırın.
3. Yaddan çıxarmayın: yemək işləmək qədər ciddi məsələdir. Odur ki, nə yeyəcəyinizi və nə qədər yeyəcəyinizi əvvəlcədən planlaşdırın. Acdığınız zaman qarşınıza çıxan, ya da ağılınıza gələn hər şeyi yeməyin. Ekoloji cəhətdən təmiz və kalorili yeməklərə üstünlük verin, amma az yeyin. Siz yemək stolundan qalxanda yüngül toxluq yox, yüngül aclıq hiss etməlisiniz. Bu, qızıl qaydaların biridir, bəlkə də birincisidir. Hər gün şorba içməyə adət edin, bunu həyat tərzinə çevirin.
4.Arıqlamağın, artıq çəkidən azad olmağın qızıl qaydalarından biri də spirtli içkilərdən uzaq olmaqdır. Deyə bilərsiniz ki, təmiz içkinin sağlam adama ziyanı yoxdur. Spirtli içki içəndə, normadan iki, üç dəfə çox yeyirsiniz və əlavə çəkini artırmağa xidmət edirsiniz.
5. Qoz, fındıq vitaminlərlə və bitki yağları ilə zəngin ərzaq kimi həm mədə-bağırsaq sisteminə, ümumiyyətlə orqanizmə xeyirdir, həm də, kalorili olduğundan iştahanı küsdürür və sizi axşam çox yemək problemindən azad edir. ABŞ alimlərinin müasir tədqiqatları da sübut edir ki, qoz, fındıq ləpəsi, hətta günəbaxan, üzüm tumu insanı bəd xassəli şişlərdən qoruyur. Hər halda, bu çərəzlərlə qidalanan insanlar xərçəng xəstəliyinə ümumi normadan 2-3 dəfə az tutulurlar.
6.Yaddan çıxarmayın: səhər evdən ac çıxmayın – bu, sağlamlığın qızıl qaydasıdır. Ən azı bizim azəri qaydasında şirinçayla, pendirlə az da olsa yeyin. Günorta yeməyini doyunca yeyin. Biz bütün günü kompüter, ya da sükan arxasında oluruq. Odur ki, hər gün imkan olduqca, çox piyada gəzməyə çalışın, bunu həyat tərzinə çevirin.
7. Rusiyada həftənin bir gününü «balıq günü» elan edirlər. Həmin gün bütün yeməkxanalarda, hətta restoranlarda balıq yeməkləri verilir. Təbii ki, bu məcburi deyil, sadəcə olaraq, təklifdi və hər kəs öz seçimini edir. Biz qafqazlılar isə, həmişəki kimi, mövcud qaydaları pozmağa çalışırdıq. Həftədə bir dəfə «balıq günü» təşkil etmək sağlam qidalanmağın ən gözəl yollarından biridir.
8. Sağlam qidalanmağın, artıq çəkidən azad olmağın qızıl qaydalarından biri də hər gün təzə meyvə-tərəvəz, göyərti yeməkdir.
Yoqlar həzm prosesini normallaşdırmaq üçün həftədə bir dəfə quru aclıq edirlər, bunu hətta həyat tərzinə çevirirlər. Yəni həftədə bir dəfə eyni gündə su da içmədən bütün günü ac qalırsınız. Axşam isə (saat səkkizə qədər) yüngül şorba yeyib yata bilərsiniz.
Bu təbii ki, çətin qaydadır, ilk nəzərdən asan görünsə də, hər adam hər gün əməl edə bilmir, illərlə yerinə yetirə bilmir. Artıq çəkidən xilas olmaq üçün isə yoqlar mono dieta təklif edirlər. Yəni siz gündə üç dəfə eyni şey yeməlisiniz. Məsələn, gündə üç dəfə pendir, ya süzmə ilə çörək yemək, günorta və axşam isə meyvə-tərəvəz əlavə etmək olar. Təbii ki, çətindir, amma dözmək lazımdır və mümkündür. Təcrübə göstərir ki, bu qayda ilə siz sağlamlığınıza heç bir ziyan vurmadan, bir ayda on kiloya qədər artıq çəkidən azad ola bilərsiniz.