Gündəm

Parklanmada yenilik: Sürücülər cərimədən yayına bilməyəcək

898views

Azərbaycanda avtomobillərin yeni parklanma qaydaları tətbiq ediləcək.

Bu barədə İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir.

Yeni maddəyə əsasən, bütün parkomatlardakı foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.

Həmin texniki vasitələrlə avtomobillərin parklanma müddəti, parklanmaya görə aparılmış və ya aparılmamış ödənişlər, habelə 24 saatdan artıq müddətdə parklanma yerində saxlanılan avtomobillər haqqında məlumatlar real vaxt rejimində mərkəzi informasiya sisteminə ötürüləcək. İnzibati xəta törədilən zaman isə həmin avtomobil barəsində məlumatlar mərkəzi informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının yol hərəkəti təhlükəsizliyinə nəzarət edən əməkdaşlarına ötürüləcək və avtomobilin ən yaxın mühafizə olunan duracağa aparılması təmin ediləcək.

İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi inzibati cəriməni və nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsi və orada saxlanması üçün haqqı həmin yerdə bank və ödəmə terminalı vasitəsilə ödəyə bilər. Bu halda nəqliyyat vasitəsi onun istifadəçisinə dərhal qaytarılır.