MaraqlıSəyahət

Tac Mahal haqqında

Tac Mahal
14.4Kviews

Tac Mahal — Dünyanın yeni yeddi möcüzəsindən biri.

Təbrizdən gətirilən Türk memarlarının yaratdığı bu tikili dünyanın ən gözəl, ən möhtəşəm türbəsidir.
Hindistanda Baburlular dövrünün memarlıq xarüqələri çoxdur və bunlar bü gün bütöv şəkildə durmaqda, seyr edənləri heyran qoymaqdadır. Bu gün Pakistanın ən çox turist cəlb edən yerlərindən biri olan Lahur sarayı, həmin şəhərdə dünyanın ən geniş və yaraşıqlı Padşah məscidi, Aqra, Dehli, Heydərabad və digər şəhərlərdəki saray və camelərin hər biri ayrılıqda bütöv memarlıq şah əsərləridir. Ancaq yer üzündə heç bir türbə, heç bir memarlıq əsəri Tac Mahal qədər gözəl, möhtəşəm və məşhur deyildir.

Tac Mahal

Cahan şahın arvadı Ərcümənd banu gözəlliyi, zəkası, yaxşı əməlləri ilə bütün imperatorluğun könlünü fəth etmiş, ən çox seçilən sultan idi. Bu sifətlərindən başqa həm də Mümtaz Mahal kimi tanınırdı. Cahan şah ona hələ 16 yaşında ikən aşiq olmuş, evlənmək üçün 5 il gözləmişdi. Cahan şah çox sevdiyi arvadını getdiyi hər yerə aparır, onun fikirlərini, zövqünü əsas götürürdü.

Tac Mahal

Bu həssas, ağıllı və gözəl qadın 1631-ci ildə 14-cü uşağını dünyaya gətirərkən vəfat etdi. Cahan şah arvadının ölümünə yas saxladığı səkkiz gün ərzində yeməkdən, içməkdən qalmış, evdən eşiyə çıxmamışdı. Doqquzuncu gün mənzilinin qapısını açıb bayıra çıxdığı zaman saçlarının ağappaq olduğu, xeyli qocaldığı göründü.
Həssas, həqiqi aşiq, vəfalı hökmdar ölüncəyə qədər qəlbində yaşadacağı sevgili arvadı üçün bir türbə tikdirməyi qərara aldı. Bu türbə saf eşqi simvollaşdıracaq şəkildə gözəl, qəlb açan, eyni zamanda möhtəşəm olmalı idi. Bunun üçün dünyanın ən böyük ustalarını tapacaq, xəzinəsini bu əsərə xərcləməyi onların ixtiyarına verəcəkdi. Bu məqsədlə İstanbuldan memarlar gətirtdi. Gələnlər Memar Sinanın tələbələrindən olan memar Məhməd İsa Əfəndi və onun dəstəsi idi.
Məhməd İsa Əfəndinin aylarca çalışaraq planını cızdığı Tac Mahalın tikintisində son dərəcədə parlaq, ağ mərmər işlədildi. Parlaq, ağ mərmərin incə mavi damarları da vardı. Bu mərmərdən tikilən möhtəşəm qübbənin yerdən yüksəkliyi 82 metrdir. Qübbənin üzərindəki qızıl aypara bu yüksəkliyi daha da artırır. Türbənin ağ mərmərdən dörd minarəsi də var.

Tac Mahal

Tac Mahalın tikintisinə 1631-ci ildə başlanılmış və 1650-ci ildə başa çatdırılmışdır. Mümtaz Mahalın və öldükdən sonra onun yanında dəfn edilən Cahan şahın tabutları üst qatdadır. Qübbənin altında olan bu tabutlarda mərmər oymaçılığının ən gözəl nümunələri görünür. Tabutların olduğu yerdə insan ağzından çıxan hər səs möhtəşəm qübbədə yeddi dəfə əks-səda verir.
Sənət əsəri kimi ayrıca bir xəzinə olan Tac Mahalın divarları həqiqi xəzinə daş-qaşlarıyla örtülüdür. Yüz minlərcə əqiq, sədəf, firuzə qoyulmuş divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 çox böyük inci vardır. Türbənin tikintisi üçün 47 milyon qızıl lirə xərclənmişdir və divarlardakı cəvahiratlar buna daxil deyildir. Hündürlüyü 75 metrə çatan, ağ və çəhrayı mərmərlərdən tikilmiş 4 minarəli bu abidə, tərəflərinin mütənasibliyi, ideal simmetriyası və hədsiz gözəlliyi ilə insanları vahel edirdi. Hətta İstanbuldakı möhtəşəm Süleymaniyyə Camisi üçün 19 milyon qızıl lirə xərcləndiyini söyləsək, Tac Mahal üçün necə böyük bir fədakarlıq göstərildiyi daha yaxşı anlaşılır.
Bu abidə Cahan şahın İstanbuldan dəvət etdiyi memarların əsəridir. Planını İstanbullu Məhməd İsa Əfəndi çəkmiş, qübbəni İstanbullu memar İsmayıl Əfəndi tikmiş, divarlardakı şahanə yazıları yenə İstanbullu xəttat Səddar Əfəndi yazmışdır. Bir çox xarici usta, o cümlədən italyan memarları da onların ixtiyarında çalışmışlar.