Azərbaycan Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniyaya 1-4 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionunda martın 26-da keçirilmiş oyunda qolların vurulma zamanları belə olub:
19-cu dəqiqə – Andre Şürrle (Almaniya)
31-ci dəqiqə – Dmitri Nazarov (Azərbaycan)
36-cı dəqiqə – Tomas Müller (Almaniya)
45-ci dəqiqə – Mario Qomes (Almaniya)
81-ci dəqiqə – Andre Şürrle (Almaniya).
“Futbolçularımız dünya çempionlarına qarşı cəsarətli oyun sərgilədilər. Hücum futbolu oynadılar, 11 nəfərlə arxaya çəkilmədilər. Qol sevinci də yaşadıq”, AFFA-nın baş katibi Elxan Məmmədov oyundan sonra jurnalistlərə bildirib.
O qeyd edib ki, 30 minlik tamaşaçı tribunası tamamilə dolu olub.
Milli komandanın kapitanı Rəşad Sadıqov bu qarşılaşmanı belə adlandırıb:
“Ümumi götürsək, oyun pis keçmədi. Bəlkə də yaxşı oyunlarımızdan birini keçirdik. Buraxdığımız qollar və səhvlərimizə gəldikdə, sırf rəqibin ustalığı öz sözünü dedi. Səhvlərimizdən çox yaxşı istifadə etdilər. Bunu da yaxşı bilirdik. Amma qarşısını ala bilmədik.”
Milli futbola dəstək üçün keçirilən “Niyə də yox?!” kampaniyası çərçivəsində bu dəfə də fəallıq hiss edilib.