Azərbaycanın ən yüksək yaşayış məntəqəsi
Azərbaycanın Böyük Qafqaz dağlarında yerləşən Xınalıq kəndi sirlər və folklorla doludur.
Arxeoloji və tarixi araşdırmalar göstərir ki, Xınalıq əhalisinin əcdadları buraya təqribən 2000 il bundan əvvəl köçüblər. Ancaq bu regionu araşdıran bir sıra jurnalistlər yerli əhalinin öz köklərini 5000 il əvvələ, Qafqaz Albaniyası dövrünə aid etdiyini yazırlar.
Yerli əhali arasında dolaşan rəvayətə görə, Xınalıq sakinləri “İncildəki Nuhun” həyatda olan törəmələridir.
Ucqar və fərqli
Kənd Azərbaycanın Quba bölgəsindədir. Ölkənin şimal-şərqində yerləşən bu bölgə mədəni və etnik müxtəlifliyin məkanıdır. Dağ yəhudiləri, tatlar və ləzgilərin bir-birindən fərqli etnik icmaları dağın nisbətən aşağı təklərində yaşayırlar.
Bütün dağlı icmaları öz kimlikləri ilə fəxr edirlər.
Fərqli dil
Buranın yerli dili Xınalıq dilidir. Bu ərazidə bu dilin bənzəri yoxdur. Ancaq UNESCO bu dili ciddi təhlükə altında olan dillər siyahısına daxil edib. Artıq Xınalığın özündə belə bu dildə çox az adam danışır.
Ancaq, dilin həyatda qalmasına ümid var. 3000 şagirdi olan Xınalıq orta məktəbində Azərbaycan və ingilis dillərindən başqa Xınalıq dili də keçilir.
Qədim adət-ənənələr
Xınalıqda toylar nəsildən-nəslə ötürülmüş adətlərlə keçirilir. Toy günü gəlinin qohumları öküzün cəmdəyində əti sümükdən ayırır. Bu zaman hamıya çay verilir.
“Çay içmək ayin kimidir”, – fotoqraf Rupeta deyir.
Məhdud qida rasionu
Kəndin çox yüksəkdə yerləşməsi çox növdə bitkilərin yetişdirilməsinə imkan vermir. Yerli əhali öz qidasında burada yetişdirilən kartof və bir neçə növ dənli bitkidən istifadə edir.
Kənd əhalisi özünəməxsus lavaş resepti ilə fəxr edir. Kənd qadınları iki saat ərzində bir həftəlik lavaş ehtiyatını hazırlaya bilirlər.
Lavaşa Qafqazın və Qərbi Asiyanın bir çox yerlərində rast gəlmək mümkündür.
Dünyaya açılış
Ancaq bu ucqar ərazidə minilliklər ərzində inkişaf etmiş bu adət-ənənələr artmaqda olan müasirləşmənin təsirinə məruz qalır.
2006-cı ildə Quba şəhəri ilə Xınalıq arasındakı yolun çəkilişi tamamlanıb. Beləcə, Xınalıq nəhayət ki, şəhərə və dünyaya birləşib. Bununla, həm də kəndə daha çox ziyarətçi gəlməyə başlayıb.
Sərt iqlim
Yeni rahat yola baxmayaraq, ilin çox hissəsi Xınalığa getmək mümkün olmur. Çox zaman qar artıq payızda, sentyabrda yağmağa başlayır. Qışda isə temperatur -21 dərəcəyə qədər enə bilir.
Sərt hava şəraiti nəticəsində təkcə yol bağlanmır, həm də icmanın iqtisadi baxımdan əsas sütununu təşkil edən çobanlar qoyun-quzularını aşağı, daha isti ərazilərə köçürməli olurlar.
Qənaətcil əhali
Kənd əhalisi istilik əldə etmək üçün təzək yandırır. Təzək peyinlə samanın qarışığıdır.
Sakinlərin evləri yaxınlıqdajı Qudyalçaydan toplanmış daşlardan tikilib. Bu evlərdən bir çoxunun 200 yaşı var. Ərazinin saysız-hesabsız zəlzələlər gördüyünü nəzərə alsaq, bu, çox uzun müddətdir.
Bu gün də qoyun-quzu Xınalıq həyatının özəyini təşkil etməkdə davam edir. Qoyun-quzu həm yemək, həm geyim, həm də digər kəndlərlə ticarət vasitəsi deməkdir. Məhz bu qənaətcillik sayəsində Xınalıq icması dağın başında əsrlərlə mövcud ola bilib.