Gündəm

Jirinovskidən Azərbaycana qarşı növbəti sərt bəyanat

739views

“Lapşin Qarabağa gedib? O, hara istəsə gedə bilər”

Rusiya Liberal Demokrat partiyasının lideri Vladimir Jirinovski Rusiya vətəndaşı bloger Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsinə görə Belarus prezidenti Aleksandr Lukaşenkonu qınayıb.

İstiPress-in məlumatına görə, Jirinovski Lapşinin Azərbaycanın işğal olunmuş torpaqlarına səfərini dəstəkləyib.
“Lapşini Azərbaycanda 8 il həbs gözləyir. Sadəcə Qarabağa getdiyinə görə. Bu axmaqlıqdır, o, harada istəyirsə, oraya da gedə bilər. Qarabağ heç kim tərəfindən tənzimlənmir. Lapşinin Ukrayna, Rusiya və Belarusun şəxsiyyət vəsiqələri var. Yalnız Belarus Lapşini təhvil verdi. Partizan Lukaşenko böyük uğuruna nail oldu”, – deyə Jirinovski bildirib.

A. Lapşin

Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb.

Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A. Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib. Ali məhkəmə şikayəti təmin etməyib.