Biləsuvar rayonunda baş vermiş etiraz aksiyası ilə əlaqədar cinayət işi açılıb, Baş Prokurorluq bildirir.
Məlumata görə, cümə axşamı saat 18.00-da rayon ərazisində Cəbrayıl rayonundan məcburi köçkün düşmüş vətəndaşlar üçün tikilmiş qəsəbələrdə yaşayan sakinlərin bir qrupu istifadə etdikləri elektrik enerjisi haqqının ödənilməməsi tələbi ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasına doğru yürüş edib.
Yerli sakinlər BBC Azərbaycancaya bildirib ki, yürüşə səbəb elektrik enerjisinə tətbiq edilmiş yeni tariflər olub.
“İnsanların aylıq elektrik limiti bitib, onlar da işıqları kəsiblər, insanlar buna etiraz edib”, cənub rayonlarını izləyən jurnalistlərdən biri deyib.
Noyabr ayında Tarif Şurasının qərarı ilə təbii qaz və elektrik enerjisi ödənişləri üçün differensiallaşmış tarif tətbiq olunur. Nəticədə təbii qazın illik limiti 1500 kubmetr, elektrik enerjisi üçün isə aylıq 250 kilovat-saat məhdudiyyət müəyyən edilib. Yəni, ay ərzində istifadə ediləcək enerjinin məbləği 17 manat 50 qəpiyi keçirsə, əlavə sərf edilən enerjinin bir kilovat-saatı üçün 57 faiz daha çox ödəniş nəzərdə tutulub.
Hərçənd cümə günü Tarif Şurası prezident Əliyevin tapşırığına əsasən məhdudiyyətlərin kəmiyyətinin artırıldığını açıqlayıb.
Onlarla etirazçı və polis arasında qarşıdurma nəticəsində 9 polis yaralanıb, onlardan altısına ilk tibbi yardım göstərilib, üçü isə xəstəxanaya yerləşdirilib.
Baş Prokurorluq polislərə “daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri” yetirildiyini və həmçinin bir xidməti avtomobilin şüşəsinin sındırıldığını bildirib.
“…hadisənin fəal iştirakçılarından olan Cəlal Quliyev, İlkin İsgəndərov və Gülağa Alməmmədov saxlanılıblar”, – Baş Prokurorluğun açıqlamasımda deyilir.
Onlar “əmlakı qəsdən məhv etmə və ya zədələmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və hakimiyyət nümayəndəsinə təhlükəli zor tətbiq etmək”də ittiham olunur.