Qidalanma bizim ən təbii tələbatlarımızdan biridir. Vegeterianlıq isə qədim zamanlardan Roma, Hindistan, Yunanıstanda ciddi riayət olunan bir qidalanma sistemidir. Vegeterian sözü ilk dəfə 1842’ci ildən istifadə edilməyə başlanıb. Araşdırmalara görə, günümüzdə Hindistandakı vegeterianların sayı bütün dünyadakı vegeterianların sayından daha çoxdur.
Vegetarianların rasionu bitki mənşəli qidalardan əsasən – meyvə, tərəvəz, dənli, paxlalı bitkilər, çərəzlərdən ibarətdir.
Ətdən, süddən, yumurtadan tamamilə imtina edib yalnız tərəvəz və meyvə yeyənlər veqan, ağartı məhsullarından, baldan istifadə edənlərə laktovegetarian, yumurtadan istifadə edənlərə ovo-laktovegetarian, yumurta, bal, süddən istifadə edənlərə lakto-ovo-vegetarian , qırmızı ət və toyuq yeməyib, balıq, yumurta və süd məhsullarından istifadə edənlərə isə pesko veqeterianlar deyilir.
Vegeterianların orqanizmində B12, D vitamini, kalsium, dəmir və sink çatışmazlığı problemi müşahidə olunur.
Onlar zülal çatışmazlığından əziyyət çəkir. Heyvan mənşəli qidalar zülalın mənbəyidir, quru paxla, taxıl, və tərəvəzlər də zülalla zəngindir.
Orqanizmdə B12 vitamini çatışmadıqda anemiya yaranır. Anemiya sinir sistemində problemlərə səbəb olur. Vegeterianlardakı D vitamini çatışmazlığı orqanizmin kalsium və fosforu mənimsəməsinə mane olur. Süd məhsulları və günəş şuaları da D viitamini mənbəyidir.
Kalsium ürək ritminin normada olmasına, sümük və diş sağlamlığının, sinirlərin qorunmasına təsir göstərir. Bu mineral gül kələm, brokoli, göygöyərti, qırmızı çuğundur, taxıl, küncüt toxumu, sarımsaq, soğanda da kifayət qədər var.
Dəmir metabolizm üçün vacibdir. Amma onu da qeyd edək ki, bitki mənşəli qidalardan alınan dəmir heyvan mənşəyi qidalardan alınan dəmir qədər faydalı deyil.
Dəmir çatışmazlığı bədəndə yorğunluq və əzginliyə səbəb olur. Qarabaşaq, noxud, mərcimək, lobya, yumurta, yulaf, yaşıl alma, armud, ərik, xurma, əncir, qoz-fındıq, pendir, düyü, kartof, yaşıl soğan, nar, çuğundur, gavalı, balqabaq, banan, və göbələkdə dəmirlə zəngindir.