
Gəlinlik paltarının tarixi çox qədimlərə gedib çıxır.
O, günümüzə həm rəngini, həm də görünüşünü dəyişərək gəlib çatıb. Görməyə adət etdiyimiz bəyaz libas və duvaq tandemi isə məhz 19-cu əsrdən aktualdır.
Qədim Yunanıstında gəlin peplas adlanan qolsuz milli geyim geyinər, başını xoşbəxtlik, var-dövlət, günəş rəmzi olan qızılı parça ilə örtərdi.
Qədim Misirdə isə qadınlar kalazaris adlanan gündəlik geyimləri ilə gəlin köçürdülər. Buna görə də gəlin libası ilə deyil, aksesuarları, tacı, talismanları, qolbağ və amuletləri ilə fərqlənməyə çalışırdı.
Qərbdə gəlinlik donunu 15-ci əsrdən etibarən nadir parçalardan və kürklərdən hazırlamağa başlayırlar.
Bu məqsədlə qara da daxil olmaqla bütün rənglərdən istifadə edilirdi. Paltarların hədsiz tozlu, çirkli küçələrdə kirlənməməsi üçün ağ rəng tərcih olunmurdu. Gəlinlik donu daha sonra başqa mərasimlərə də geyinilirdi.
15-ci əsrin sonlarında Fransada bəyaz bal paltarları populyarlıq qazanması ilə ağ rəngli gəlinliklər istifadə olunmağa başlanır.
Barokko dövründə ətəyi geniş, qolların enli, üzəri torla işlənmiş gəlin donları dəbə düşür. 17-ci əsrin əvvəllərində gəlinliklər artıq daha romantik rənglərdə freza adlanan yaxalıqla tikilir. 18-ci əsrdə qızılı saplarla bəzədilmiş pastel tonlarda torlu paltarlar mediçi yaxalığı ilə tamamlanır.
Rokoko dövrünün başlaması ilə gəlinlik donun görünüşü də bir qədər dəyişir. Bol ətəkli gəlinlik donları çox sıx korsetlər və panye adlanan xüsüsi konstruksiya ilə dəbə gəlir, donlara uzunsov şleyf də əlavə olunur.
Azərbaycan gəlininin “bəzənik” adlanan donu isə mütləq qırmızı rəngdə olmalı, məxməri, ipək və ya zərxara parçalardan tikilməli idi. Qolları yelpazə, yaxası dar və pullu, belə qədər hissəsi bütöv olurdu, köynəyin ətəyi gümüş pullarla bəzədilirdi. Gəlinlik geniş, üstü əl işləməli ətəklə tamamlanırdı.

Müasir dövrümüzdə istifadə olunan ağ gəlinliyi tarixdə ilk dəfə İngiltərə kraliçası Viktoriya nikahında geyinib. Fil sümüyü rəngindəki donun 5,5 m-lik şleyfini 12 nəfər lord qızı tuturmuş.
Hazırda gəlinlik sənayesi sürətlə inkişaf edir. Hər il Nyu-Yorkda Couture Fashion Week adlı gəlinlik həftəsi keçirilir və bununla da növbəti ilin yeni dəbi müəyyənləşir.