Gündəm

Ermənistan tərəfi çirkin əməllərinə davam edir

Əsgərimiz şəhid oldu
699views

Azərbaycan Müdafiə Nazirliyi ermənilər tərəfindən sosial şəbəkələrdə Azərbaycan əsgərinin cəsədinin fotolarının yayılmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, erməni tərəfi əvvəlcə cəsədin onlarda olmadığını bildirsə də, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər və əldə edilən təkzibolunmaz dəlillər qarşısında məcbur qalaraq əsgərimizin meyitinin fotolarını sosial şəbəkə vasitəsilə yayıb.

Təxribatın qarşısını alarkən həlak olan və düşmən nəzarətindəki ərazidə qalan əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikə rəsmi qaydada müraciət edilib.

Təəssüflər olsun ki, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq qurumların nümayəndələrini aldadaraq bu hadisədən yenidən öz çirkin əməlləri üçün istifadə etməklə Azərbaycan xalqına qarşı qeyri-insani simasını nümayiş etdirir.

Hazırda müvafiq qurumlarla birgə hərbi qulluqçumuzun cəsədinin Azərbaycan tərəfinə qaytarılması istiqamətdə işlər davam etdirilir.