Barcelona, Yaponiyanın online alış-veriş şirkəti Rakuten ilə 220 milyon avro dəyərində sponsorluq müqaviləsi imzalayıb.
Qatar Airways ilə sponsorluq müqaviləsi mövsüm sonu sona çatacaq olan Barcelona, sürpriz bir müqaviləyə imza atıb.
Dünyanın ən böyük klublarından biri olan Barcelonanın yeni sponsoru Yaponiyanın ən böyük online alış-veriş saytı Rakuten olacaq.
Barça, bu müqavilədən ildə 55 milyon avro qazanacaq. Toplam razılaşma 220 milyon avroya bərabərdir.
2017-18 mövsümündən etibarən tətbiq olunacaq razılaşmanın müddəti 4 il olacaq.
Bu əməkdaşlıq dünyanın ən böyük ikinci forma sponsorluğu əməkdaşlığı kimi qeyd olunacaq.
Müqavilənin memarlarının isə Barçanın müdafiə oyunçusu Gerard Pique və həyat yoldaşı müğənni Shakira olduğu bildirilib. Sponsorun idarə rəhbəri ilə yaxın dost olan Pique və Shakira, müqavilənin baş tutmasında əsas rol oynayan şəxslər olublar.
Barcelonanın prezidenti Bartomeu; “Pique və Shakira 2015-ci ilin yay aylarında sponsor firmanın rəhbəri ilə bizi yeməkdə görüşdürdü. Həmin vaxt ağlımızda belə bir fikir yox idi. Yeməkdə danışarkən isə belə bir təklif ortaya çıxdı və müqavilə ilə nəticələndi” deyə ifadəsində bildirdi.
Rakuten, 1997-ci ilin Fevral ayında Hiroshi Mikitani tərəfindən yaradılıb. Sürətlə böyüyən şirkət 2012-ci ildə 4,6 milyard dollarlıq bir gəlir əldə edib.
Şirkətin Yaponiyadan başqa Fransa, İspaniya, Kanada, Hollandiya kimi böyük Avropa ölkələrində də sərmayələri var və hal hazırda 10 mindən çox işçiyə sahibdir.