Azərbaycan fotoqrafiya sənətinin qazandığı ən böyük adlardan biri – Xalid Zeynalov
Xalid Zeynalov – yəqin ki, bu fotoqrafı Azərbaycanda bu sənətə marağı olan insanların hər biri tanıyır.
Xalid, şəxsi düşüncələrimə əsasən bu insanın bir fotoqrafdan çox sənətkar olduğunu deyə bilərəm. Bir sənətkarın sahib ola biləcəyi maksimum bacarıqlar bu şəxsdə toplanıb. Həyatda elə insanlar var ki, gördüyü iş haqqında danışmaq belə yetərsiz qalır, Xalid məhz belə fotoqraflardandır.
Xalidlə yol yoldaşı olduğumuz zaman, işinə olan həvəsini görmək, eyni rakursdan çəkilmiş müxtəlif şəkilləri görəndə isə, onun şəkillər üzərində hakimiyyətinə təəccüblənməmək mümkün olmurdu. Yəqin ki, bu fikrimlə fotoqrafiyaya marağı olan hər kəs razılaşar. Təbii ki, ölkəmizdə çox sayda gözəl fotoqraflar var, amma razılaşmaq olar ki, Xalid bu işdə sanki bir neçə addım öndədi, bu insanı tanımaq, tanıtmaq və çəkdiyi şəkilləri bir şəkil kimi yox, danışan əsər kimi qələmə vermək lazımdır.
Hər fotoqraf kimi oda bir instagram istifadəçisidir və demək olar ki, tez tez lövhəsində yeni şəkillər paylaşmaqdadır. Əgər izləyicisi deyilsinizsə, @khalidzeyn sizin əvəzedilməz, hər şəklinə bəyəni verəcəyiniz növbəti istedadlı fotoqraf siyahınıza əlavə edilməlidir.
Bəli, mövzudan göründüyü kimi, bu gün ki, müsahibimiz Xalid Zeynalov‘dur. Onunla apardığımız kiçik sorğu-sualla sizdə tanış olun, düşünürəm ki, çəkdiyi şəkillər qədər, suallara cavabı da sizin üçün maraqlı gələcək:
Fotoqraf olmamışdan əvvəl hansı peşə sahibi idiniz və fotoya olan maraq necə yarandı?
Fotoqraf olmamışdan əvvəl demək olar ki, hər sahədə özümü sınamışdım. Ofisiantdan tutmuş polis işçisinə kimi. Amma heç biri məni qane etmirdi. Maddi maraq yox, mənəvi tərəfdən. İşdən həzz ala bilmirdim. Fotoya adi bir hobbi kimi baxırdım və sonradan bu bir sevgiyə döndü.
Başlanğıc və hazır ki, çəkdiyiniz şəkillər arasındakı fərqi necə ifadə edə bilərsiniz?
Aralarında fərq çoxdu. Elə adi bir peşəni götürsək, ilk öncədən çox zəif və sadə bir iş çıxır. Amma illər ötdükcə olursan əsl ‘zərgər ustası’.
Kifayət qədər ölkəmizdə tanınırsınız, bəs beynəlxalq miqyasda hər hansısa layihələr etməyi planlaşdırsınızmı?
Ölkədə tanınıram. Amma təəssüf ki, istədiyim kimi yox. Yəni, məni tanıyan insanların çoxu qızların qəşəng portretini çəkən bir fotoqraf kimi tanıyır. Amma çox kiçik sayda insanlar məni incəsənət fotoqrafı kimi qiymətləndirə bilər. Təzəlikcə ölkəni tərk etmişəm və bir müddətdən sonra başlayacam beynəlxalq layihələr yaratmağa.
Yaxın müddətdə şəkillərinizdən ibarət sərgi keçirtmək planlarınız varmı?
Sərgilərə çox kritik yanaşıram. Yəni mənim fikrimcə hər hansı bir insan sərgi etmək istəyirsə ona çox diqqətlə yanaşmalıdı, hər çəkdiyini sərgi etməlidi. Sərgidə elə bir işlər olmalıdır ki, ora gələn insan, girib yeyib-içib 10 dəqiqədən sonra çıxmamalıdı. Mən fikirləşirəm ki, sərgi üçün hələ hazır deyiləm.
Fotoqrafiyanı sevən gənclərə, professional fotoqraf olaraq nə kimi məsləhət verə bilərsiniz?
Əslində professional sayılmıram. Yəni, o cəhətdən ki, çox şeyləri hələdə bilmirəm və hələ də öyrənirəm. Gənclərə tövsiyyəm o olar ki, əgər siz bu peşəni seçmisinizsə səbrli olun. Öyrənin, gedin xaricə inkişaf edin. Fikirləşməyin ki, kamerayla işləyə bilirsiniz və hər şey hazırdı, xeyir, heç də elə deyil.