Fevralın 5-də Belçikanın Otegem şəhərində “Deweer” qalereyasında istedadlı rəssam Aida Mahmudovanın “İşığı tutmaq olmur”adlı ilk böyükmiqyaslı fərdi sərgisi açılıb.
Nümayiş olunmuş yeni rəsmlər toplusu sərgini ziyarət edən həvəskar və peşəkar seyrçilər tərəfindən böyük maraqla qarşılanıb. Ekspozisiyaya daxil olan və əsasən abstraktlaşdırılmış mənzərələrdən ibarət iyirmidən çox əsər rəssam Aida Mahmudovanın təcrübəsində yeni olan aydınlıq, konsentrasiya və dolğunluğu ifadə edir. Əsərlər əsas fikri – rəssam, kətan və çəkmək üçün istifadə olunan material arasındakı əlaqəyə yönəldir.
2015-ci ildə Bakı Müasir İncəsənət Muzeyində keçirilmiş “Elysium” adlı sərgidəki rəsmlərdən fərqli olaraq bu əsərlərdə materiala yanaşma artıq qarşılıqlı müqavimət şəklində deyil, maraq və kəşfetmə hissi ilə ifadə olunur. Rəssam rənglərin kətan üzərində azad hərəkət etməsinə imkan verir və nəticədə yaranan kompozisiyalar orqanik və sərbəst olur.
Hər bir əsərdə xəyallarda canlandırılan mənzərələrin və kətan üzərində istifadə olunan materialların arasında sanki bir zərif oyun aşkara çıxarılır.
Bütün tablolarda akril, yapışqan, gümüşü folqa, yağlı boya, kömür, sement və gips kimi çoxlu sayda müxtəlif materiallardan bacarıqla istifadə olunub. Nəticədə, ərsəyə gələn əsərlər xüsusi zaman təəssüratı yaradır və özəl rəngkarlıq texnikası sayəsində yaradılır. Bundan başqa, bu heç də intellektual fəaliyyətin nəticəsi kimi baş vermir, bu doğru zamanında və lazımi miqdarda yeni, gözlənilməz “inqrediyentlər” əlavə edilmiş düşüncə forması kimi ortaya çıxır.
Sərgi martın 12-dək davam edəcək.