Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu dəniz qara ördəyi və pazdimdikləri, quşların ov siyahısından çıxarmağı təklif edir.
İnstitutun direktoru Elman Yusifov bildirib ki, bu təkliflə Xəzərin Azərbaycan sektorunun cənub sahil zolağında qış və yay mövsümlərində apardıqları tədqiqatlardan sonra çıxış edirlər.
Onun sözlərinə görə, tədqiqatlar nəticəsində müəyyən edilib ki, dənizdə qara ördək və pazdimdiklilər qeyri-bərabər yayılıb: “Eyni zamanda, ağgöz qara ördək, nazik və uzun pazdimdiklər nadir heyvan olmaq, böyük pazdimdik isə yox olma təhlükəsindədir. İnstitut buna əsaslanaraq, dəniz qara ördəyi və pazdimdikləri quşların ov siyahısından çıxarmağı təklif edir”.
E.Yusifov əlavə edib ki, Xəzərin Şahdili, Qobustan, Yenikənd subasarına həmsərhəd sahil suları, Böyük və Kiçik Qızılağac körfəzləri beynəlxalq əhəmiyyətə malik sayda qırmızıbaş və kəkilli qara ördəklərin toplantı yerləridir. Antropogen təsirlər nəticəsindən isə Puta, Səngəçal, Ələt, Lənkəran sahil zolağı qara ördəklərin beynəlxalq əhəmiyyətə malik sayda toplantı yeri kimi artıq öz əhəmiyyətini itirib.