Gündəm

Xəzər dənizində faciə: 10 neftçimiz itkin düşüb

Xəzər dənizində faciə 15.12.2016
873views

Cümə axşamı Xəzər dənizində estakadanın aşması nəticəsində 10 nəfər itkin düşüb, Azərbaycan Dövlət Neft Şirkəti bu barədə məlumat verib.

Şirkətin rəsmi saytında yayımlanan məlumata əsasən, cümə axşamı səhər saat 05.00-də dənizdə güclü küləyin əsməsi “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurub. Uçan hissənin uzunluğunun təxminən 150 metr olduğu deyilir.

Küləyin surəti saniyədə 41 metr olub.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub, məlumatda bildirilir.

Rəsmi məlumatda göstərilir ki, hadisənin araşdırılması məqsədilə birgə xüsusi komissiya yaradılıb və hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və ”Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri cəlb olunub.

“Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir”, məlumatda qeyd edilir.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər əməkdaşın itkin düşdüyü deyilir.

İtkin düşənlərin siyahısı aşağıdakı kimidir:

1. Zülfüqarov Güloglan – maşinist

2. Zülfüqarov Azay – operator

3. Qurbanov Vidadi – operator

4. Həsənov Elçin – mexanik

5. Hacıəliyev Həsənağa – operator

6. Qafarov İlham – operator

7. Əsədov Samir – operator

8. Bəhrəmov Cavid – operator

9. Abbasov Ramiz – maşinist

10. Rüstəmov Qorxmaz – operator

Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş vermişdi. Həmin zaman özüldə olan 63 nəfərdən 33 nəfəri xilas edilmiş, 12 nəfərin cəsədi tapılmış, 18 nəfər isə itkin hesab olunmuşdu.