Mətbəx

Paxlavanın hazırlanması

3.82Kviews

Paxlava Azәrbaycanın milli şirniyyat növlәrindәn biridir.

Əsasən Novruz Bayramı ərəfələrində hazırlanaraq süfrələrə qoyulan paxlava, hazırda daha çox hazırlanmaqdadır və hətta bütün şirniyyat mağazalarında da almaq mümkündür. Lakin ev şəraitində paxlavaların hazırlanması üçün birdən çox üsullar vardır və hər kəs öz ağız dadına uyğun paxlavalar hazırlamaqdadır. Onlardan birini sizə təqdim edirik.

Әrzaqlar: (28­-32 sm’­lik 2 tavalıq paxlavanın ölçülәri)

Xәmir üçün:
1kq – un
3 – yumurta
250 qram – kәrә yağı
1 stəkan – süd
2 xörək qaşığı – xama
1 çörək qaşığı – quru maya
Duz

İçlik üçün: (içliyi badam lәpәsi ilә dә edә bilәrsiniz)

Qoz ya da badam lәpәsinin qabığını çıxardıb qoz çәkәn maşından keçirdirik.
1 kq – qoz lәpәsi
1 kq – şәkәr tozu
1/3 çörək qaşığı – hil.

Yağlamaq üçün:

400 ­- 450 qram – kәrә yağı

Şәrbәt üçün:

(Hәr tavaya 1 stəkan şәkәr tozu, 0,5 litr su)
2 stəkan – şәkәr tozu
1 stəkan – su

Üzü üçün:

2 әdәd – yumurta sarısı
Badam lәpәsi (fındıq ya da qoz lәpәsi qoymaq olar)

Hazırlanması:

Xәmirin hazırlanması.

Südü qaba töküb ilıq şəkildə qızdırırıq. Yağı әridirik. Mayanı ilıq suda qarışdırırıq, 5-­10 dәqiqә qalır və köpüklәnir. Unun ortasına yumurtanı, mayanı, südü, yağı, xamanı vә duzu әlavә edirik.

Yumşaq xәmir yoğururuq. Xәmirin üstünә neylon çәkib, dәsmal qoyub, әdyala bükürük, 2 saat acımağa qoyuruq.

İçlik hazırlayırıq.

Qozu tavada qovurub qabığını tәmizlәdikdәn sonra qoz çәkәn maşından keçiririk. Çәkilmiş qozu şәkәr tozu vә hil ilә qarışdırırıq. Yuxaları yağlamaq üçün yağı әridirik.

Şәrbәti hazırlayırıq.

Qaba suyu vә şәkәr tozunu әlavә edib qaynara düşәn kimi 2­3 dәqiqә qaynadıb, götürük.

Üzünә çәkmәk üçün yumurta sarısını bir qaba sındırıb çalırıq. Üzü üçün badam lәpәsini tәmizlәyirik.

Xәmir 2 saata acıyır.
Xәmiri hәr tava üçün 12 hissәyә bölürük. İki kündәni böyük (әn alt vә әn üst üçün) qalanlarını isә balaca kündәlәyirik. Yuxanı (az) unla yayırıq. Tavanı yağlayıb yuxanı sәririk. Yuxaya yağ töküb yağlayırıq.

Hәr qata 1 stәkandan 1 barmaq aşağı içlik sәpirik. Yenә yuxanı sәrib yağlayırıq. Bu şәkildә bütün qatları hazırlayırıq. Axırıncı qatı qoyduqdan sonra kәnarlarını yaxşı düzәldirik.

Xәmiri romb şәklindә kәsirik.

Yarım saat saxlayırıq. Sonra yumurtalayıb ortalarına badam lәpәlәrini qoyuruq. 180 dәrәcә qızdırılmış sobada üzü az qızarana qәdәr bişiririk. Sonra layları yağladığımız yağdan qalanını paxlavanı sobadan çıxarıb aralarına tökürük. Dәrәcәni 150 dәrәcәyә qoyuruq. Üzü tam qızarana yaxın çıxardıb şәrbәtini tökürük. Hәr iki halda bıçaqla kәsilәn yerlәrlә bir dә gedirik ki, hәm yağ hәm dә şәrbәt hәr yana yaxşı yayılsın.

Şәrbәti tökdükdәn sonra sobada 3­5 dәqiqә saxlayıb götürürük.
Paxlava ilıq olanda tavadan tәk-­tәk çıxarıb başqa düz qaba aralı yığırıq.

Qeyd: Paxlavanın üzünün parıltılı vә gözәl olmağını istәyirsinizsә onda paxlavanın şәrbәtindәn 3 xörək qaşığı götürüb 1 xörək qaşığı bal ilә әridib fırça ilә hazır olan isti paxlavanın üzünә çәkirik.