Sənət

Cəfər Cabbarlı həyatı və yaradıcılığı

37.1Kviews

Cabbarlı Cəfər Qafar oğlu (d. 20 mart 1899, Xızı, Rusiya İmperiyası – ö. 31 dekabr 1934, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimidir (1932).

Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin “Dağlı məhəlləsi” adlanan yuxarı hissəsində yaşamışdır. Atası Qafar kişi Bakıda kiçik ticarət ilə məşğul olurdu. 1904-cü ildə Qafar kişi vəfat etdikdən sonra ailənin bütün yükü Cəfərin anası Şahbikə xanımın üzərinə düşür.

Süleyman Rüstəm, Rəsul Rza, Cəfər Cabbarlı
Süleyman Rüstəm, Rəsul Rza, Cəfər Cabbarlı

1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlamışdır. Azərbaycan teatr sənətinin inkişafında böyük xidməti olmuşdur. Cəfər Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb. O, Azərbaycan dramaturgiyasında sosial realizmin banisi sayılır.

Cabbarlının yaradıcılığı zaman etibarilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. Çox mühüm ictimai-siyasi hadisələrlə dolu olan bu tarixi dövrü nəzərdə tutaraq deyə bilərik ki, Cabbarlının ədəbi fəaliyyəti Azərbaycanda, xüsusən Bakıda kapitalizm münasibətlərinin sürətlə inkişaf etdiyi burjua və mülkədar Azərbaycanının fəhlə-kəndli sovet respublikasına çevrildiyi illərdə keçmişdir. Cabbarlının böyük yaradıcılıq yolu çətin və ziddiyyətli olsa da, əsasən, yüksəliş və tərəqqi yolu olmuşdur.
Azərbaycan demokratik-realist klassik ədəbiyyatına, zəngin xalq yaradıcılığına əsaslanan Cabbarlı, başlıca olaraq, Mirzə Fətəli Axundov realizmindən qidalanırdı. Mirzə Fətəli Axundovun maarifçi-demokratik fikirlərini, həyatla dərindən bağlı olan realizmini Cabbarlı ümumiyyətlə Azərbaycan ədəbiyyatı üçün, xüsusən özü üçün ən düzgün bir yaradıcılıq yolu hesab edirdi.
Cabbarlının əsaslandığı realizm xalq həyatı ilə, Azərbaycan zəhmətkeşlərinin azad və gözəl həyat haqqındakı arzuları ilə, xalqın irəliyə, işığa və sədaqətə doğru coşqun meylləri ilə bağlı idi.
Qeyd edildiyi kimi, Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci ildə “Həqiqəti-Əfkar” qəzetində dərc olunmuşdu. 1915-ci il aprel ayının 3-də “Məktəb” jurnalının 6-cı nömrəsində onun “Bahar” adlı şeiri nəşr olunmuşdu.

Oturanlar: Əli, Nazim, Səməd Vurğun, Aleksey Tolstoy, Maksim Qorki, Salman Mümtaz Ayaq üstə: 3 soldan Mikayıl Rəfili 2 sağdan Cəfər Cabbarlı.
Oturanlar: Əli, Nazim, Səməd Vurğun, Aleksey Tolstoy, Maksim Qorki, Salman Mümtaz Ayaq üstə: 3 soldan Mikayıl Rəfili 2 sağdan Cəfər Cabbarlı.

İlk şeir, hekayə və dramlarını Cabbarlı 1915-1916-cı illərdə yazmışdır. İlk hekayələrindən olan “Aslan və Fərhad”ın üzərində 15 iyul 1916-cı il tarixi vardır. “Mənsur və Sitarə” hekayəsinin əlyazma nüsxəsi və həmçinin “Sitarə” adlı operanın əlyazma nüsxəsində tarix yoxdur. Lakin əlyazmaların xəttindən, əsərlərin üslubundan asanlıqla təyin etmək olar ki, bunlar da 1915-ci ilin axırları və ya 1916-cı ilin ortalarında yazılmışdır.
Cabbarlının ilk satirik və lirik şeirləri ilə bir zamanda yazılan bu əsərlərin mövzusu da, demək olar ki, bir-birinə çox yaxındır. Müəllif bu əsərlərində də cəmiyyətdəki ədalətsizlikdən bəhs edir. Gördüyü zülmə və haqsızlıqlara soyuqqanlı baxa bilməyən gənc yazıçı öz həyəcanını, qəzəb və nifrətini ifadə etməyə çalışır.
C.Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən gözəl əsərlərini dramaturgiya janrında yazmış və Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi kimi tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərmişdir.
C.Cabbarlının yaradıcılığının ilk dövrünə aid olan “Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş” əsərinin üzərindəki qeydə görə əsər 30 dekabr 1915-ci ildə yazılmışdır. Müəllif bu əsərində cəmiyyətdəki ədalətsizlikdən bəhs edir, gördüyü haqsızlıqlara qəzəb və nifrətini bildirirdi. Bu əsərdə dramaturq burjua-mülkədar cəmiyyətində hökm sürən nadanlığın, cəhalətin və avamlığın bir-birini təmiz məhəbbətlə sevən gənclərin həyatlarına böyük maneə olduğunu göstərmişdir.
“Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş” əsərindən sonra yazıçı “Solğun çiçəklər” əsərini yazmışdır. Əsər 1915-ci ildə yazılmışdır. Dramda yazıçı ictimai quruluşa qarşı öz etirazını bildirmişdir. Yazıçı “Solğun çiçəklər”də yaşadığı burjua-mülkədar cəmiyyətinin ziddiyyətlərini əsas götürərək, onu bir ailə daxilində verməyə çalışmışdır. Eyni zamanda həmin cəmiyyətdə hakim rolu olan pulun və dövlətin insanların əxlaqını pozaraq, daxili aləmlərini eybəcərləşdirdiklərini, sədaqətli, təmiz qəlbli insanlara əzab və işgəncələr verildiyini ifşa etmişdir. Əsər ilk dəfə 1916-cı ildə İsmailiyyədə oynanılmışdır.

Cəfər Cabbarlı teatra böyük qiymət verir və onun başlıca rolunu xalqa xidmətdə görürdü. Teatr haqqında yazdığı qeydlərindən birində deyirdi: “Teatro-yüksək bədii bir dərəcədədirsə ölkə də ümumən gözəl inkişaf edəcəkdir. Mədəniyyət – elm və sənətdən ibarətdir. Teatro isə sənətin başqa qismlərini birləşdiriyor”.

Cəfər Cabbarlı

Cəfər Cabbarlının əsərləri:

Cəfər Cabbarlı. Əsərləri: I cild – Şeirləri, “Qız qalası” poeması, hekayələri;
Cəfər Cabbarlı. Əsərləri: II cild – Pyesləri;
Cəfər Cabbarlı. Əsərləri: III cild – Pyesləri;
Cəfər Cabbarlı. Əsərləri: IV cild – Kiçik həcmli və natamam pyesləri, librettoları, məqalələri.

Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş (1915)
Solğun çiçəklər (1917)
Oqtay Eloğlu (1922)
Od gəlini (1928)
Gülzar (1924)
Dilarə (1924)
Dilbər (1927)
Sevil (1928)
Almaz (1931)
Yaşar (1932)
Dönüş (1932)

Filmoqrafiyası:

Abbas Mirzə Şərifzadə (film)
Ağasadıq Gəraybəyli (film, 1974)
Almaz (film, 1936)-ssenari müəllifi, əsər müəllifi
Azadlığa gedən yollar (film, 1990)
Bakı bağları. Buzovna (film, 2007)
Balıqçılar (film, 1927)
Cavid ömrü (film, 2007)
Cəfər Cabbarlı (film, 1944)
Cəfər Cabbarlı (film, 1969)
Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973)
Cəfər Cabbarlının dəfni (film, 1935)
Hacı Qara (film, 1929)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
Qayıdış (film, 1992)
Qəmbər Hüseynli (film, 2007)
Onlar belə sevirdilər (veriliş, 2007)
Sevil (film, 1929)
Sevil (film, 1970)
Solmaz bir bahar kimi (film, 1979)
Yarasa (film, 1995)