Digər İdman

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışına start verildi

Gymnastics World Cup Baku 2017
986views

Bu gün Bakıda idman gimnastikası üzrə Dünya Kuboku yarışına start verilib.

Turnir Milli Gimnastika Arenasında keçirilir.

Birinci gün kişilər arasında xalça üzərində sərbəst, paralel qollarda və halqalarla hərəkətlər üzrə təsnifat yarışları olacaq. Qadınlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə hərəkətlərdə finala yüksəlmək uğrunda mübarizə aparacaqlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

 

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.