Bakı Şahmat Olimpiadası

Bakı Şahmat Olimpiadası ilə əlaqədar media tur təşkil edilib

817views

Avqustun 25-də 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi “Baku Crystal Hall”a media tur təşkil olunub.

Tur zamanı jurnalistlərə olimpiada barədə məlumat verilib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə bildirib ki, yarışlara hazırlıq işləri başa çatmaq üzrədir. Olimpiadanı işıqlandırmaq üçün qeydiyyatdan keçən 248 jurnalistdən 150-si yerli media nümayəndəsidir. Bütün jurnalistlərin rahat və operativ şəkildə çalışması üçün əməliyyat komitəsi tərəfindən yüksək şərait yaradılacaq. Media nümayəndələri üçün üç dildə (Azərbaycan, ingilis və rus dillərində) məlumat kitabçası hazırlanıb.

Məlumat verilib ki, olimpiada zamanı keçiriləcək mətbuat konfransları “online” yayımlanacaq. Bütün şahmat partiyalarının gedişi üç dildə şərh olunacaq. Jurnalistlər yarış günlərində saat 10:00-dan 23:00-dək fasiləsiz internet və yeməklə təmin olunacaq. Yarış zalında çəkilişlərə tur başlayandan sonra 15 dəqiqə müddətində icazə veriləcək. Yarışlar http://www.bakuchessolympiad.com saytı vasitəsilə canlı yayımlanacaq.

14721342683974824448_1000x669

Yarış zamanı “Baku Crystal Hall”da şahmat sərgi salonu tamaşaçıların ixtiyarına veriləcək. Onlar burada qədim şahmat lövhələri və maraqlı fotolarla tanış ola biləcəklər. Zalın ətrafında, həmçinin Azərbaycanın bölgələrini təmsil edən otaqlar fəaliyyət göstərəcək. Burada qonaqlara hər bir regiona məxsus şirniyyatlar təqdim olunacaq.

Daha sonra jurnalistlər media mərkəzinə, yarış, sərgi salonlarına və digər məkanlara baxış keçiriblər.

Sonda Sənan Şəfizadə jurnalistlərin suallarını cavablandırıb və qeydiyyatdan keçmiş media nümayəndələrinə akkreditə kartları təqdim olunub.

Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 1-də saat 19:00-da Milli Gimnastika Arenasında keçiriləcək. Sentyabrın 2-də isə “Baku Crystal Hall”da ilk tura start veriləcək. 180-dən çox ölkənin qatılacağı olimpiadanı 5 milyona yaxın insanın izləyəcəyi proqnozlaşdırılır. Mötəbər tədbirdə 200-dən çox hakim fəaliyyət göstərəcək ki, onlardan 26-sı Azərbaycan təmsilçisidir.

14721342681814940699_1000x669

Olimpiadanın baş hakimi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov olacaq.

Ümumdünya Şahmat Olimpiadasının bağlanış mərasimi sentyabrın 13-də Milli Gimnastika Arenasında təşkil ediləcək.