Dünya

Səudiyyə rəsmisi: “İranı öz sərhədlərinə qədər geri çəkilməyə vadar etmək lazımdır”

Səudiyyə Ərəbistanının müdafiə nazirinin baş müşaviri general Əhməd Əsiri
747views

Səudiyyə Ərəbistanının müdafiə nazirinin baş müşaviri general Əhməd Əsiri fevralın 3-də BBC televiziyasına müsahibəsində İranın region ölkələrinin daxili işlərinə qarışmasından və bölgənin sabitliyini pozmağa cəhdindən danışıb.

General Əsiri bildirib ki, İranın öz qonşularının, o cümlədən də İraq, Suriya və Yəmənin daxili işlərinə müdaxiləsinin qarşısı alınmalıdır: “İranın region ölkələri ilə münasibətdə rəftarını dəyişməsinin vaxtı gəlib çatıb. Səudiyyə Ərəbistanı ilə Amerikanın bəzi məsələlərlə bağlı taktikaları arasında fərq ola bilər. Lakin buna baxmayaraq, ölkələrimiz strateji baxımdan bir-biri ilə tam uyğun və həmahəng hərəkət edirlər. Bizim mövqeyimiz möhkəmdir. Biz, dünya birliyinin və beynəlxalq qanunların yanındayıq.

Ümid edirik ki, Amerikanın cari ildə İrana qarşı təzyiqi daha da gücləndiriləcək. Biz buna ümidvarıq. Əgər amerikalılar İranı öz sərhədlərinə qədər geri çəkilməyə vadar etməyin əhəmiyyətini dərk etsələr çox yaxşı olacaq. Bizim isə buna ümidimiz böyükdür”.