Futbol

“Qarabağ” qrupdan necə çıxa bilər?

688views

Bu gün Avropa Liqasının qrup mərhələsinin son oyunları keçirilir.

Yarışda mübarizə aparan “Qəbələ”nin “Maynts”la Almaniyadakı oyunu komandamız üçün qrupdan çıxmaq baxımdan heç bir əhəmiyyət danışmır. Komandamızın 0 xalı olduğunu nəzərə alsaq, bugünkü görüş Roman Qriqorçukun komandası üçün heç olmasa qrupu bir xalla başa vurması baxımından vacib ola bilər. Eyni zamanda qazanılan xal Azərbaycanın UEFA-dakı reytinqinə az da olsa müsbət təsir edəcək.

***

Əsas diqqət isə bu gün heç şübhəsiz, “Qarabağ”a yönələcək. Ağdam klubunun mübarizə apardığı J qrupunda dörd komandadan hər birinin həm qrupdan 1/16 finala çıxmaq şansı, həm də qrupda qalmaq ehtimalı var.

Hətta qrup lideri “Fiorentina” belə nəzəri baxımdan qrupda qala bilər. Bunun üçün onlar “Qarabağ”a 4 top fərqi ilə uduzmalı, PAOK isə “Slovan”a qalib gəlməlidir.

Amma biz gələk, “Qarabağ”a.

Hazırda “Qarabağ”ın yer aldığı qrupda turnir cədvəlində vəziyyət aşağıdakı kimidir:

N Klublar O Q H M T-F X
1 Fiorentina 5 3 1 1 13-5 10
2 Qarabağ 5 2 1 2 6-10 7
3 PAOK 5 2 1 2 5-6 7
4 Slovan 5 1 1 3 7-10 4

Ağdam komandası növbəti mərhələyə adlaması üçün bu gün “Fiorentina” ilə oyunda mütləq xal qazanmalıdır. Amma “Qarabağ” 1 xal qazansa, digər oyunda isə PAOK qalib gəlsə, bu halda təmsilçimiz qrup üçüncüsü olur. Ona görə də bugünkü oyunda qələbə vacibdir. Fərz edək ki, “Qarabağ” və PAOK qalib gəlir, bu halda qrupda “Fiorentina”, “Qarabağ” və PAOK-un hər birinin 10 xalı olacaq. Avropa Liqasının 2016/17-ci il mövsümü üçün əsasnaməsinə görə, üç komandanın xalı eyni olarsa, o zaman onların turnir cədvəlindəki mövqeyi öz aralarındakı oyunlarda topladığı xallar əsasında müəyyənləşəcək. Bu halda “Qarabağ” 9 xalla qrup lideri olur, “Fiorentina” 2-ci (4 xal), PAOK 3-cü (4 xal) yeri tutur. Amma yuxarıda qeyd etdiyimiz kimi, “Fiorentina” 4 top fərqi ilə uduzarsa, PAOK vurulan və buraxılan topların daha yaxşı nisbətinə görə qrup 2-cisi kimi Avroliqanın 1/16 final mərhələsinə çıxacaq.

***
“Qarabağ” uduzacağı, digər görüşdə isə “Slovan” PAOK-a qalib gələcəyi halda, hər üç komandanın 7 xalı olacaq. Bu üç komandanın öz aralarındakı oyunlarında isə ən yaxşı göstərici çexlərə məxsus olacaq – 7 xal. “Qarabağ”da da 7 xal olacaq, lakin topların daha yaxşı nisbətinə görə, “Slovan” qrup ikincisi kimi növbəti mərhələyə çıxacaq.