Psixoloji məlumatlar

Ludomaniya: qərbdə geniş yayılmış “oyun asılılığı”

1.26Kviews

Vikipediyada qumar asılılığı ludomaniya (oyun asılılığı) adlanır, qumar oyunlarından patoloji asılılıq, yəni müstəqil ayrıla bilməmək kimi təsvir edilir və hətta sosial, peşəkar, ailəvi dəyərlərin itirilməsi ilə nəticələndiyi bildirilir.

Xüsusi olaraq qeyd edilir ki, son dövrlərdə dünyanın bir çox yerində kazinoların açılması, qumar avtomatlarının (“təkqol bandit” və s.) yayılması bu asılığı daha da genişləndirir. Buna görə də, aparıcı qərb ölkələrində qumar asılılığı artıq çox təhlükəli sosial problem hesab edilir və qarşısının alınması yolları müzakirə edilir.

Asılılığın bu qədim forması müasir dövrdə çox geniş yayılsa da, onun da statusu hələlik qeyri-rəsmidir. Belə ki, qumar asılılığı da internet asılılığı kimi psixi xəstəliklər təsnifatına daxil edilməmişdir.

Mütəxəssislər deyir ki, qumar asılılığını ilk növbədə insanın maniakal qumar həvəsindən fərqləndirmək lazımdır.

Maniakal həvəs insan qəflətən qeyri-adekvat şəraitə düşdükdə, sosial öhdəliklərindən imtina etdikdə, öz taleyinə tam etinasızlıq hiss etdikdə yarana bilər.

Obrazlı desək, bu allergiya kimidir və allergeni aradan qaldırdıqda, dərhal keçir. Qumar asılılığı isə, sözün əsil mənasında, patologiyadır, bu zaman asılıq getdikcə artır, insan hətta sosial statusunu və sağlamlığını itirir, amma geri çəkilmir, çünki çəkilə bilmir, oynamaq, udmaq həvəsi imkan vermir… Məsələn, insanlar dayanmadan qumar oynaya və minlərlə pul (hətta borca girməklə) uduza bilərlər. Bu zaman onların yadına hətta yemək və yatmaq da düşmür, yalnız su, ya pivə içməklə kifayətlənirlər…

  ga

Qumar asılığına düşən insan sağlamlığından əvvəl normal məntiqi duşuncəsini, yəni reallıq hissini itirməyə başlayır. Qumar aludəçisi, bir qayda olaraq, uduşları öz qabiliyyəti, qisməti kimi dəyərləndirir, uduzduqlarını isə kənar səbəblərlə, məsələn, zərin “it sümüyü” olması, yaxud da kartın “mast” gəlməməsi ilə izah edir. Bu zaman oyunçu elementar məntiqdən çıxış edir və səhv edir. Çünki, qumar oyunlarının məntiqi daha mürəkkəbdir.

Məsələn, kart 5 dəfə, on dəfə “mast” gəlmirsə, ya zər “şeş” vermirsə, oyunçu hesab edir ki, 11-ci dəfə mütləq onun bəxti gətirəcək. Amma təcrübə göstərir ki, hətta oyun “şuler”siz aparılsa belə (praktikada, bir qayda olaraq, istisna olunur), kart yüz, hətta min dəfə “mast” gəlməyə bilər və zər “şeş” verməyə bilər.

ga5

Maraqlıdır, qumar aludəçiləri daha çox kimlər olur, yaxud risk qrupuna kimlər daxildir?
Araşdırmalar göstərir ki, əsas risk qrupuna təxminən 30 yaşlı, tək yaşayan kişilər daxildir. Yəni kişilərdə qumar asılılığı daha erkən başlayır və 30 yaşında pik nöqtəsinə çatır. Qadınlarda isə təhlükəli dövr 30-dan sonra başlayır və 40 yaş ən təhlükəli sayılır. Qeyd etmək lazımdır ki, qumar asılılığı olan insanların 30-40 faizi sair asılılıqlardan, məsələn nikotindən, alkoqoldan əziyyət çəkir. Qumar oynayanların yalnız 5-10 faizi aludəçiyə, 2-3 faizi isə müalicəsi olmayan xəstəyə çevrilir. Bəs insanı bu təhlükəli yola aparan nədir?

Mütəxəssislər deyir ki, bu yolun başlanğıcı ilk oyunlarda təsadüfən udulan (deyirlər, qumarda xamın bəxti gətirir!), boşanma və işdən çıxarılma kimi şəxsi uğursuzluqlar da ola bilər.

Sonra isə uduzma dövrü başlayır və insan düşdüyü vəziyyətdən çıxa bilmir. İlk zamanlar məqsəd var (deməli, hələ istifadəçisiz), uduzduqlarınızı geri qaytarmaq istəyirsiz, özünüzü hər şeydən təcrid edir, az qala bütün vaxtınızı qumara sərf edirsiz. Amma aylar keçir, borclar artdıqca, asılılıq da artır və məqsəd itir (artıq aludəçisiz), qumar az qala həyat tərzinə çevrilir.

ga1

Bəs insanın qumardan asılılığını, istifadəçi, ya aludəçi olduğunu necə təyin etmək olar? Təbii ki, bunun üçün müəyyən testlər və sorğular var. Bu sahədə SOGS (South Oaks Gamblings Screen – Cənubi Palıdlar Azart Oyunları) şkalası daha uğurlu hesab edilir. Bu şkala ilə insan özü-özünü də yoxlaya bilər. Yazının yer, oxucunun vaxt məhdudiyyətini nəzərə alıb, şkalanı tam vermirik, əsas 7 sualla kifayətlənirik:

  • Siz pulunuz qurtarana kimi oynayırsızmı;
  • Siz daim özünüz üçün təyin etdiyiniz uduzmaq limitini artırırsınızmı;
  • Pulunuz qurtarandan sonra borca oynayırsınızmı;
  • Qumar borcunuzu qaytarmaq üçün oğurluq etmək ağlınıza gəlibmi;
  • Siz daima oyun haqqında fikirləşirsizmi;
  • Oynamayanda qanınız qaralırmı, kefiniz pozulurmu;
  • Siz uduzduqlarınızı qaytarmaq, ya oynamaq xatirinə oynayırsız?

Əsas sualımız isə budur: Bu ziyanlı vərdişdən can qurtarmaq mümkündürmü və bunun üçün nə etmək lazımdır? Mütəxəssislərin fikrincə, yuxardakı 7 sualın hamısına müsbət cavab verənlər artıq aludəçilərdir. Yarısına müsbət cavab verənlər isə, istifadəçilərdir və qumardan can qurtarmaq şansları hələ qalır…