Gündəm

Dağlıq rayonlarda qar uçqunları | Xınalıq və 7 kəndlə əlaqə kəsilib.

Azerbaycanda qar 17 fevral 2017
1.29Kviews

Quba-Xınalıq yolunda qar uçqunu nəticəsində Xınalıq və daha 7 kəndlə əlaqə kəsilib.

“Azəravtoyol” ASC hazırda magistralın 37-ci kilometrliyində baş vermiş uçqunun nəticələrini aradan qaldırmaq üçün yolda təmizlik işləri aparır, APA yazır.

Bakıda və respublikanın rayonlarında iki gündür qarlı hava şəraiti davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, Bakıda və Abşeron yarımadasında yağan qarın miqdarı 1-11 santimetr olub.

Qar örtüyünün hündürlüyü ən çox Lənkəran-Astara zonasında – Rvarudda 91 santimetr, ən az isə Şəmkir və Salyanda 1 santimetr müşahidə edilib.

Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar paytaxtın əksər küçə və prospektində – Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində, Həsən Əliyev, Bakıxanov, Şərifzadə, Salamzadə, Seyidzadə küçələrində, 20 Yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

yaaz.az Bakida 2017 fevral 17

Bakı Nəqliyyat Agentliyi (BNA) Babək prospektindən Günəşli istiqamətində, eləcə də əks istiqamətdə körpünün üzərində yolun hərəkət hissəsi buz bağladığını bildirib. Agentlik APA-ya Babək körpüsü üzərində yol-nəqliyyat hadisəsinin baş verdiyini deyib.

Bundan başqa, agentlik Heydər Əliyev prospekti – Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi – Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürətin 40 km/saata endirildiyini açıqlayıb.

BNA sürücülərə ehtiyatlı olmağı məsləhət görüb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bildirib ki, əlverişsiz hava şəraiti nəticəsində 4 qadın yıxılaraq xəsarət alıb. Onlardan biri kəllə-beyin və aşağı ətrafların zədəsi ilə Klinik Tibbi Mərkəzə, qalan üçü isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb.

Təhsil Nazirliyi hava şəraitinin şagirdlərin dərsə davamiyyətinə “mənfi” təsir etdiyini, lakin məktəblərin fəaliyyət göstərdiyini bildirib.