Dünya

ABŞ-da Müsəlman fəallardan yəhudi məzarlığına böyük jest

ABS meselman feallari 2017
734views

ABŞ-dakı müsəlman fəallar Missouri-dəki vandallar tərəfindən dağıdılan yəhudi məzarlığının bərpası üçün 90 min dollar toplayıblar.

“Reuters” agentliyinin məlumatına görə, 3 mindən çox insan bu kampaniyaya ianə edib.

Kampaniya iki fəal müsəlman – Linda Sarsour və Tarek El-Messidi tərəfindən başladılıb. Müsəlmanların hüquqlarının müdafiəçisi kimi tanınan Sarsour Trump-a qarşı qadın marşının təşkilatçılarından biridir.

O, həmçinin İsrailin fələstinlilərə qarşı siyasətinin tənqidçisi hesab olunur. Tarek El-Messidi isə Məhəmməd peyğəmbərin həyatı və inancı barədə ictimaiyyəti maarifləndirməklə məşğul olan “Mərhəmət zəfəri” qeyri hökumət təşkilatının yaradıcısı və başçısıdır.

Fəallar ABŞ-da yaşayan müsəlmanları yəhudilərlə həmrəylik göstərməyə çağırıblar. Kampaniyanı “Harry Potter” kitablarıyla məhşur olan yazar Joan Rowling də dəstəkləyib.

Twitter profilində kampaniya barədə link paylaşan yazar “bu çox gözəl bir sheydir” yazıb. Rowling-in bu paylaşımından sonra kampaniya çərçivəsində yığılan vəsait artmağa başlayıb. Bu barədə “France Press” agentliyi məlumat yayıb.

Sarsour və El-Messidi kampaniyanı martın 20-nə qədər davam etdirməyi planlaşdırıblar.

Daha sonra isə toplanan vəsait məzarlığın bərpasına yönəldiləcək. Bundan sonra toplanan vəsaitlərin isə vandalizmdən zərər görən digər yəhudi mərkəzlərinin bərpasına sərf olunacağı bildirilib.

Sent-Louise ətrafındakı məzarlığa iki gün əvvəl hücum edən vandallar 170 qəbirə ziyan vurublar. Bu məzarlığın 100-dən çox yaşı var.

Şimali Amerikadakı yəhudi mərkəzləri assosiasiyası həmçinin yanvar ayından bu yana mərkəzlərə partlayıcı qurğuların qoyulması barədə məlumatların daxil olduğunu bildirib.

ABŞ prezidenti Donald Trump baş verən insidentlərə sərt münasibət bildirərək buna qarşı mübarizə aparmağa çağırıb. Trumpla yanaşı, onun toy qabağı yəhudu dinini qəbul edən qızı İvanka və digər siyasətçilər də insidenti tənqid ediblər.