
21 dekabr qış gündönümü günü münasibətilə Çində Dunçji festivalı, Hollandiyada isə Müqəddəs Tomas günü keçiriləcək.
Qış gündönümü ilin ən qısa günü və ən uzun gecəsinin müşahidə olunduğu gündür. Qədim çinlilərə görə, bu gündən təbiətin “kişi gücü” oyanır və yeni sikl başlayır. Buna görə də qədim zamanlardan qış gündönümü xoşbəxt gün hesab olunurdu.
Dunçji festivalı o zamandan bizim günlərə qədər gəlib çatıb. Bu gündə taunyuan (düyü unundan qaynadılmış şarlar) qurban gətirərək, ulu babaların xatirəsi anılır. Tayvanda qurban olaraq 9 qatlıq piroq gətirilir. Xəmirdən xoşbəxtliyi simvolizə edən heyvanların fiqurları hazırlanır. Qurban mərasimindən sonra şənlik keçirilir.
Bu gün həm də Hollandiyada Müqəddəs Tomas günü qeyd olunacaq. Hesab edilir ki, Milad Müqəddəs Tomasla birlikdə gəlir. Bu, Milad ərəfəsində məktəblərdə sonuncu dərs günüdür. Bu gün məktəbə gecikənə bütün gün ərzində “Yuxulu Tomas” deyib sataşırlar. Hətta müəllimlər belə bu gün məktəbə gecikməkdən qorxurlar.

Həmçinin Azərbaycanda da bir nece gün uzun gecələr qeydə alınacaq.
Ötən gecənin uzunluğu 14 saat 43 dəqiqə, gündüzün uzunluğu isə 9 saat 17 dəqiqə olub. Bu gecənin uzunluğu əvvəlki gecənin uzunluğundan 1 dəqiqə fərqlənib.
Dekabrın 21-26-da gecə və gündüzün uzunluğu sabit qalacaq. Dekabrın 27-dən başlayaraq isə 1 dəqiqə fərqlə gecələr qısalacaq, gündüzlər isə uzanacaq.
Bu gün saat 14:44:12-də isə Azərbaycana qış daxil olacaq.