Maraqlı

Xarici dil öyrənməyiniz üçün sizi motivasiya edəcək 5 əsas səbəb

408views

Adətən 2-3 dil bilən insanlar karyerada daha yüksək pilləyə qalxırlar. Bu, hər kəsə məlum bir faktdır. Bəs həmin insanları dil öyrənməyə vadar edən nədir? Necə olur ki, onlar seçdikləri dili asanlıqla və tez öyrənir, qısa müddətdə böyük uğurlara imza atırlar?

Hər bir işdə istədiyini əldə edən insanları çox güclü daxili motivasiya idarə edir. Daxili motivasiya sizin şəxsi inkişafınız, insani maraqlarınızla əlaqəlidir.

Məsələn, dil öyrənmək istəyən insan “ispanca öyrənsəm, daha yüksək maaş alaram” deyə yox, “ispanca öyrənsəm ispan dilli ölkələrin mədəniyyət və tarixi ilə daha yaxından tanış olaram” deyə fikirləşir.

Gəlin razılaşaq ki, ikinci motivasiya daha güclü motivasiyadır, və bu cür düşünən insan qoyduğu məqsədə daha tez çatır.

Dil öyrənmək üçün motivasiya edən 5 əsas səbəblə tanış olun:

1.Şəxsi inkişaf
İndi siz hər gün işə gedir, işdən sonra ailənizlə, ev işləri ilə məşğul olur, arada-bir dostlarınızla görüşürsünüz. Məktəb və universiteti bitirdikdən sonra, beynimiz yeni informasiyanın təhlili, yeni terminləri yadda saxlamaq ilə məşğul olmur. Beləliklə, beynimiz gücdən düşür, “geri gedir”.
Belə halda, beynimizi yeni dil öyrənərək məşq eliyə bilərik. Bir müddət sonra, yaddaşınızın yaxşılaşdığını, təhlil etmə bacarığınızın sürətləndiyini müşahidə edəcəksiniz. Bir ay sonra isə tənbəllik və halsızlığınızdan əsər-əlamət qalmayacaq.

2.Karyera
Ola bilsin, indi sadə menecersiniz və yüksəlmə imkanları görmürsünüz, yaxud çalışdığınız şirkət xarici dilə ehityac duymur. Amma sabah hər şey tam fərqli ola bilər. Bəlkə, dostunuz sizi ruslarla yeni layihədə işləməyə dəvət edəcək, bəlkə də, özünüz almaniyada ikinci təhsil və ya yeni iş imkanları ilə tanış olmaq istəyəcəksiniz.

Yəni, əlavə dil biliyi tez ya gec sizin həyatınızı dəyişəcək. Ya karyeranızda böyük rol oynayacaq, ya şəxsi həyatınızda.

3.Eşq
Şevgi hər kəslə, hər yaşda, qəflətən baş verə bilər. Heç vaxt öz taleyin ilə harada rastlaşacağını bilmirsən: daxil olduğun kiçik mağazada, ya dünyanın o biri ucunda. O insanın kim olacağı, haralı olacağı əvvəlcədən bilinmir. Romantik italiyalıya, yaxud sarışın norveçliyə ilk baxışdan aşiq ola bilərsən, lakin ikinci-üçüncü baxışda gərək onunla “bir kəlmə kəsəsən”. Dil biliyiniz taleyinizi beləcə həll edə bilər.

4.Səyahət
Çoxları səyahət etmək üçün ingilis dili öyrənir. İngilis dili biliyi səyahəti asanlaşdırır: bilmədiyimiz ünvanı soruşur, yeni insanlarla tanış olur, oldğumuz şəhər haqda daha çox şey öyrənirik. Bundan əlavə, səyahət zamanı da bəzi təhlükələrlə üzləşə bilərsiniz. Dil biliyiniz polis işçisinə hadisəni danışmaqda, həkimə ağrınız barədə məlumat verməkdə yardımçı olacaq və s.

Həyatda üzləşəcəyimiz bir çox hadisə var, indi təsəvvür edin ki, bu hadisələrlə ölkənizdən kənarda, səyahət zamanı üzləşirsiniz və dil bilmirsiniz.

Kabus kimidir, elə deyilmi?

5.Övladlarınıza yaxşı nümunə olun

Övladlarınızın 2-3 dildə danışmasını, beynəlxalq məktəblərdə təhsil almasını, dil öyrənərkən əziyyət çəkməməsini istəyirsiniz?

Əgər bu suala müsbət cavab verdinizsə, onda elə indi başlayın. Övladlarınıza yaxşı nümunə olmağa başlayın. Dil öyrənin: rus, ingilis, ispan – sizi maraqlandıran dili seçin və öyrənin. Övladlarınız üçün ən yaxşı nümunə siz olacaqsınız.

Xarici dil öyrənməyin səbəbi çoxdur. Sizi motivasiya edəcək səbəbi tapın və həyatınızın inkişafı üzərində çalışın. Motivasiyanız güclü olarsa, effektli və asan üsullar tapacaqsınız.