Gündəm

Xəzərdə itkin düşmüş neftçilərin axtarış-xilasetmə işləri davam etdirilir

Xəzərdə itkin düşmüş neftçilərin axtarış-xilasetmə işləri davam etdirilir
319views

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları əsasən estakadanın uçub dənizə töküldüyü yerdə təmizlənmə işində yaxından iştirak edirlər. 100 ton yükgötürmə qabiliyyətinə malik olan “Şirvan-3” kran gəmisi vasitəsilə uçmuş estakada qalıqlarının çıxarılması həyata keçirilir.

24 saat boyunca növbəli şəkildə, intensiv olaraq bu istiqamətdə işlər davam etdirilir.

yaaz.az
Estakada ətrafında qalıqların çıxarılması işləri aparılır

Estakada qalıqlarının təmizlənməsində məqsəd, qalıqlar arasında itkin düşmüş neftçilərin olma ehtimalıdır. Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin “Avior” dalğıc gəmisi və digər yardımçı dalğıc gəmiləri sutka boyu, ehtimal olunan bütün istiqamətlər üzrə növbəli şəkildə axtarış-xilasetmə işlərində iştirak edir. Eyni zamanda, göyərtəsində heyətsiz sualtı aparatlar quraşdırılan Məmməd Süleymanov və Təbriz Xəlilbəyli axtarış-xilasetmə gəmiləri vasitəsilə ətraf akvatoriyanın sualtı hissəsi yoxlanılır.

Müdafiə Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə məxsus olan bir neçə ədəd “DRON” tipli pilotsuz uçan aparatlar helikopterlərlə yanaşı, müəyyən olunan sektorlarda axtarış-xilasetmə əməliyyatına cəlb olunublar.

yaaz.az
Axtarış-xilasetmə əməliyyatına bir necə ədəd “DRON” tipli pilotsuz uçan aparat cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti 2 ədəd 6 metrlik qayıqda 6 nəfər dalğıc, nazirliyin N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyət olmaqla Qobustan rayon ərazisində və bütün sahilboyu ərazilərdə vizual axtarışlara cəlb olunub.

Qeyd edək ki, Xəzərdə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyiti tapılıb. Bu, İlham Əlihüseyn oğlu Qafarovun meyitidir. “Meyit “Ələt-41”-in ərazisində tapılıb.