Mətbəx

Şorqoğal resepti və hazırlanması

653views

Şorqoğal resepti və hazırlanması.

16 -18  ədəd üçün

Xəmir üçün:

1 paçka (2 +¼ çay qaşığı) toz maya
1 stəkan ilıq su
6 stəkan un+ xəmir yoğurmaq üçün də əlavə
2 çay qaşığı duz
1 stəkan süd – otaq hərarətində
1 yumurta
200 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı

İçlik üçün:

2 x/q cirə
2 x/q  razyana
Yarım  ç/q   sarıkök
1 ç/q duz
Bir çay qaşığının dörtdə biri qədər istiot
2 stəkan un
115 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı

Yağlamaq üçün:

Yarım kilo əridilmiş yağ.

Üstü üçün:

2 yumurta sarısı
1 x/q xaş-xaş

Şorqoğal hazırlanması

Əvvəlcə xəmir hazırlanır. Balaca bir kasada mayanı ilıq suda həll edib təxminən 10 dəqiqə köpüklənməsi üçün gözləyin. Unu iri qaba ələyin, üzərinə duz əlavə edib qarışdırın. Ortasında bir çökək açıb maya qarışığı, süd, yumurta, və yağı əlavə edin. Əlinizlə bunları qarışdırın. Xəmiri unlanmış taxta (və ya masada) yumuşaq və elastik olana kimi, 10 dəqiqə yoğurun. Xəmir çox bərk olmamalıdır. Əgər xəmir hələ də əlinizə yapışırsa, onda biraz da un əlavə edib yoğurun. Xəmiri iri qaba qoyub üzərini dəsmal ilə örtüb əmələ gəlməsi üçün isti yerə qoyun, təxminən bir saat yarımlıq.

Şorqoğal hazırlanması

Bu müddət içi hazırlayın. Cirə və razyana toxumunu 2 dəq. ətri çıxana qədər qovurun (qovurmaq onların ətrini və dadını artıracaq ama bu o qədər də vacib deyil – onları olduğu kimi də istifadə edə bilərsiz).

Şorqoğal hazırlanması

Ədvaları həvəngdə döyün. Bir qabda yağdan başqa iç üçün nəzərdə tutulan bütün ərzaqları qarışdırın. Əridilmiş yağı buraya əlavə edib əlinizlə narın umac olana kimi ovxalayın. İç hazırdır. Onu bir kənara qoyun.

Gələn xəmiri yağlamaq üçün yağı hazırlayın – yağı əridin, duz əlavə edib kənara qoyun.

2 iri soba listini hazırlayıb kənara qoyun.

Şorqoğal hazırlanması

Xəmiri kündələyib 9 bərabər hissəyə ayırın. Hər hissəni kündələyin.

Biraz un səpilmiş taxtada bir kündəni 50 sm.lik  dairə alınanadək yayın.

Yaydıqca arada un səpin ki, xəmir oxlova yapışmasın, yaymaq rahat olsun. Sonra yuxanı oxlov vasitəsilə kənara qoyun.

4 x/q yağı yuxanın üstünə çiləyib əlinizlə yayın. Qalan kündələri də bu cür yayıb, üst-üstə yığın. Sonuncudan başqa hamısını yağlayın (hər sonrakı  kündəni  daha kiçik açıb ondan əvvəlkinin üstünə yerləşdirib, kənarlarından çəkə bilərsiniz ki, altdakı yuxanın üstünə tam otursun). İndi isə, ehtiyyatla, lay-lay xəmirin kənarlardan tutub diametri 60 sm olana kimi (yaxud da nə gedərsə, o qədər dartın).

Şorqoğal hazırlanması

İndi isə, iti bıçaqla, xəmirdən 5 sm enində zolaqlar kəsin, sonra isə zolaqları 30 sm. uzunluğunda düzbucaqlara kəsin. Dairənin qısa tərəflərini kəsməyin. Düzbucağın qısa tərəfindən başlayaraq onu rulet şəklində bükməyə başlayın, daha sonra isə içini aşağıda izah edilən iki üsuldan birini istifadə edərək doldurun.

1-ci üsul: ruletin bir ucunu büzüb bağlayın, digər ucu açıq qalsın. Barmağınızla ruletin açıq qalan tərəfini oyun. İçi boş konus alınmalıdır.

2-ci üsul (bu üsül xəmiri daha da qat-qat edir): Ruleti əlinizdə hər iki tərəfindən tutaraq 3 dəfə burun (paltar sıxan kimi). Sonra əlinizlə basıb yastılayın. Yastıladığınız kökənin içində oyuq açın (göbələyin papağına oxşar).

Oyuğun içinə bir x.q yarım içdən doldurun. Kökənin uclarını bir yerə gətirib bağlayın. Kökəni əlinizlə diametri 10 sm olanadək yastıladın.

Qoğalları bir-birindən aralı vəziyyətdə listlərə düzün.

Əvvəlcədən sobanı 180C-dək qızdırın.

Qoğalların mərkəzində barmağınızla dəyaz boşluq açıb oraya bir çimdik iç qoyun. Qoğalların üstünə yumurtanın sarısını çəkin və xaşxaş səpin. 40 dəqidə ərzində, və yaxud üstləri qızaranadək bişirin (20 dəqiqə bişdikdən sonra listlərin yerlərini dəyişin).

Qoğal soyuduqdan sonra süfrəyə verin.

Mənbə: azcookbook.com