Futbol

Robert Prosineçki, Milli Komandanın Şimali İrlandiya qarşısındakı ilk 11-ini açıqlayıb

679views

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Şimali İrlandiyanın qonağı olacaq Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Xorvat mütəxəssis ilk öncə oyunla bağlı fikirlərini bildirib:

– İlk növbədə hamını salamlayıram. Hər 2 komandanı sabah böyük oyun gözləyir. Bu günə kimi qrupda 3 oyun keçirmişik, məğlub olmamışıq. Bu, futbolçuları oyuna motivasiyasını yüksəldən amildi. Bura vaxt keçirməyə gəlməmişik. Sabah öz oyunumuzu göstərməyə çalışacağıq. Şimali İrlandiya yığması güclü komandadı. Futbolçuların əksəriyyəti İngiltərə komandalarında oynayır. Yığma son Avropa çempionatının iştirakçısıdı. Oyuna yaxşı hazırlaşmışıq. Sərfəli nəticə ilə Bakıya qayıtmaq istəyirik. Yeganə itkimiz Rəşad Sadıqovdu. Dizindən zədə alıb. Sabah oynaya bilməyəcək. Qalan 23 futbolçunun hamısı oyuna hazırdı.

– Rəşad Sadıqov hazırda Londondadı. O, bura gələcək, ya Bakıya qayıdacaq?
– Rəşadın zədəsi təzə deyil. Norveçə qarşı oynadı, Çexiyaya yox. PAOK-la ilk oyunda da meydana çıxmadı. Bu gün Londona yola düşdü. Həkim müayinəsindən sonra əməliyyat olunmayacağı aydınlaşdı. Amma 1 ay – 6 həftə müalicə olunacaq.

– Sabahkı start heyətini açıqlaya bilərsiniz?
– 2 ildir ki, buradayam. İndiyə kimi həmişə mətbuat konfransında heyəti açıqlamışam. Bu gün də ənənə pozulmayacaq. Sabah qapını Kamran Ağayev qoruyacaq. Müdafiədə Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Bədavi Hüseynov və Arif Daşdəmirov yer alacaq. Qalan futbolçuların adlarını deyəcəm, amma mövqelərini açıqlamayacam – Qara Qarayev, Emin Mahmudov, Ramil Şeydayev, Əfran İsmayılov və Ruslan Qurbanov.

– Dəniz Yılmazla Ramin Şeydayevi hücumda yoxlamaq pis olmazdı?
– Bu haqda ətraflı danışmaq istəmirəm. Şadam ki, Dəniz buradadı. 2 gündür bizimlədi. Gələcəkdə yığma üçün vacib bir oyunçu olacağına inanıram.Türkiyə Super Liqasında çıxış etməsi onun səviyyəsindən xəbər verir. Sabah adı 23 futbolçunun arasında olacaq. Oyunun gedişindən asılı olaraq oynaması mümkündü.

– Millinin qazandığı nəticələr azarkeşlərin komandaya inamını artırıb. Sabahkı oyunda da komandamızdan qələbə gözləmələri sizə əlavə təzyiq yaratmır ki?
– 2 il əvvəl bura gələndə yığmamın potensialının böyük olduğunu və sürprizlər edəcəyimizi demişdim. İndi bütün Avropa bizdən danışır. Sabah məğlub ola bilərik. Amma əsas odu ki, 90 dəqiqədən sonra bir-birimizin gözünə dik baxaq. Komandamdan yaxşı oyun gözləyirəm və ümid edirəm ki, sərfəli nəticə ilə Azərbaycana dönəcəyik. Məğlub olsaq, bunu faciə hesab etməyəcəyik.

– Şimali İrlandiya atletik futbola üstünlük verir. Bizdə isə bu komandamızın zəif cəhətidi. Norveç və Çexiya ilə oyunlarda bunun şahidi olduq. Sabahkı oyunda da bu hal təkrarlanacaq?
– Oyunçuları uzada bilmərəm ki, boyları 2 metr olsun. Əlimdəki materialdan istifadə etməliyəm. Təəssüf ki, Azərbaycanda hündürboylu müdafiəçilər azdı. Ola bilər ki, Norveç və Çexiya ilə oyunlarda ikinci mərtəbədə rəqibdən zəif olduq. Amma başqa keyfiyyətlərimiz var və onlardan istifadə etməyi düşünürük. Komandanın fiziki durumuna gəlincə, futbolçular sübut ediblər ki, fiziki cəhətdən oyuna hazırdılar, hansısa problem yoxdu. Norveçlə oyundan 3 gün sonra Çexiya ilə oynadıq. Həmin oyunun 2-ci hissəsində futbolçular çox işlədilər. Bu, dediklərimin doğru olduğunu sübut edir.

– Emin Mahmudovun oyun praktikası yoxdu. Hansı keyfiyyətlərinə görə siz ona əsas heyətdə yer verdiniz?
– Emində istədiyim keyfiyyətləri gördüm və ona əsas heyətdə yer verdim. Təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərib. Düzdü, «Boavişta»da oynamır. Amma oyuna tam hazırdı. Bu sual mənə Çexiya ilə oyundan əvvəl Ramil Şeydayevlə bağlı verilmişdi. Ramil sübut etdi ki, seçimimdə yanılmamışam. Emin Mahmudov sabah əsas silahım olacaq. Əgər oyunun gedişində özünü pis göstərsə, təbii ki, əvəzlənəcək. Onun yerinə meydana çıxmağa futbolçularımız var. Bir daha qeyd edirəm, Rəşadı çıxmaq şərtilə qalan 23 futbolçunun hər biri sabahkı oyuna tam hazırdı.