Təhsil

Qəbul imtahanlarının vaxtı və iştirak üçün tariflər bu həftə elan edilə bilər

Qebul imtahanlarinin vaxti 2017
235views

Qəbul imtahanlarında iştirak üçün tariflər barədə qərar bu həftə ərzində Tarif (qiymət) Şurası tərəfindən elan edilə bilər.

Bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib:

“Qiymətlərin təsdiqi Tarif Şurasına həvalə edilib. Yəqin ki, bu həftə ərzində Şura öz qərarını elan edəcək. Biz bununla bağlı bütün lazımi məlumatları Tarif Şurasına təqdim etmişik. İmtahanların vaxtını elan etmək üçün Şuranın qərarını gözləyirik”.

M.Abbaszadə əlavə edib ki, Dövlət İmtahan Mərkəzi olaraq, ilk imtahanı (buraxılış imtahanı) martın 5-də keçirəcəklər:

“İlkin layihəyə görə, martın 19-da və 26-da sınaq imtahanlarının keçirilməsi nəzədə tutulub. Ola bilsin ki, sınaq imtahanları bu həftə ərzində elan edilsin. Magistratura və rezidenturaya qəbulun 1-ci mərhələsi üzrə imtahanlar apreldən tez olmayacaq. Çünki mart ayında 1 həftə iş olmayacaq, daha sonra isə buraxılış imtahanlarının nəticələri yoxlanılacaq. Aprelin əvvəlində magistratura və rezidentura səviyyəsinə ilk imtahanın keçirilməsini nəzərdə tutmuşuq”.

M.Abbaszadə qeyd edib ki, magistratura və rezidenturaya, dövlət qulluğuna qəbul imtahanlarında iştirak üçün imtahan xərclərini namizədlər özləri ödəyəcəklər:

“Yeni sərəncam yalnız ümumtəhsil müəssisələrini bitirən şəxslərə, yəni valideyn himayəsində olanlara aiddir. Valideynlərin sosial vəziyyətindən asılı olmayaraq, hər bir abituriyentə bu imkan verilir və imtahanda iştirak üçün bir cəhdi dövlət öz üzərinə götürür. Əgər abituriyent ikinci imtahan üçün qeydiyyatdan keçməyibsə, onda 1-ci imtahanın nəticəsi müsabiqə üçün əsas götürüləcək”.