Dünya

İstanbulda 2 böyük partlayış: Həyatını itirənlərin sayı 38-ə çatıb

146views

Türkiyədə hücumlarda həyatını itirən polis və hüquq-mühafizə işçiləri üçün Aksaray İstanbul Polis İdarəsi qarşısında mərasim keçirilir.

Mərasimdə çıxış edəb daxili işlər naziri Süleyman Soylu bildirib ki, “şəhidlərimizin önündə o insanlıqdan çıxmış alçaqlara deyirik ki, şəhidlərimizin intiqamini alacağıq: havada, quruda, dənizdə qanlarını yerdə buraxmayacağıq”.

Ötən axşam İstanbulda baş vermiş iki ayrı bomba hücumu nəticəsində ölənlərin sayı 38-ə çatıb, 155 nəfərin isə yaralandığı bildirilir.

Cənab Soylu söyləyib ki, aparılan ilkin təhqiqata görə işarələr hücumların PKK tərəfindən törədildiyini göstərir.

“Dünən axşam mənfur hücumda şəhadətə çatmış vətən övladlarımız 38-ə çatdı. Onların 30-u polis məmuru və hüquq-mühafizə işçisi, yeddisi mülki vətəndaşımız və birinin isə hələlik kimliyi müəyyən edilməyib”, Soylu deyib.

yaaz.az istanbulda terror hadisesi foto
İstanbul, Beşiktaş. İlk partlayışın baş verdiyi ərazi, Vodafone Arena

Dünən axşam saatlarında İstanbulda Dolmabahçe-də yerləşən Vodafone Arena Stadionunun bir qapısının önündə və əks istiqamətdə yerləşən Maçka Parkında eyni zamanda iki bomba partladılıb. Hökumət, hücumların hədəfinin çevik polis qüvvələri olduğunu bildirib.

Stadionun qapısındakı hücum bomba qoyulmuş avtomobilin, Maçka Parkındakı hücum isə intihar bombacısının partlaması nəticəsində baş verib.

Səhiyyə naziri Recep Akdağ ilə birgə etdiyi açıqlamada Soylu onu da bildirib ki, “xəstəxanalarda müşahidə altında olan 136 vətəndaşımız var. Bu adamların 14-nün vəziyyəti ağır, beşi isə əməliyyatdadır. Xəstəxanalarda hazırda bu hadisə ilə üzləşdikdən sonra müalicə edilən 155 vətəndaşımız var”.

“Dostlarımızın apardığı dəyərləndirmələr çərçivəsində şübhələr PKK-ya işarə edir. Hadisənin dərhal ardından 10 nəfər, sonradan aparılan əməliyyatlarla da üç nəfər olmaqla, ümumilikdə 13 nəfər saxlanılıb” Soylu bildirib.

yaaz.az İstanbulda terror hadisesi foto
Hücum bomba qoyulmuş avtomobilin partlaması nəticəsində baş verib

Baş nazirin köməkçisi Numan Kurtulmuş hadisələrə görə şübhəlinin PKK olduğunu söyləyib.

Onun məlumatına görə çevik polis qüvvələrini hədəfləyən hücumlarda azı 300-400 kiloqram bomba istifadə edilib.

Türkiyə, terror hadisəsinin qurbanlarının xatirəsinə birgünlük matəm elan edib.

yaaz.az istanbulda terror hadisesi
Türkiyə, İstanbul. Partlayışların baş verdiyi bölgələr