Psixoloji məlumatlarPsixoloji yanaşma

İnternetdən asılılıq: siz aludəçisiz, yoxsa istifadəçi?

436views

Vikipediyada (İnternet ensklopediyası) İnternet asılılığı psixi nasazlıq, daima internetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olması kimi izah edilir. O cümlədən deyilir ki, asılılığın bu forması müasir dövrdə çox geniş yayılsa da, onun statusu hələlik qeyri müəyyəndir. Belə ki, internet asılılığı bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına daxil edilməmişdir. Deməli, bu psixi pozuntu, ruhi xəstəlik və ya əsəb fəsadları yox, sadəcə olaraq, çox ziyanlı bir vərdişdir.

Bu asılılıqdan ilk dəfə 1994-cü ildə psixiatr Kimberli Yanq bəhs edib. O, internet asılılığı müəyyənləşdirmək üçün sorğu keçirdi. Məlum oldu ki, bu asılılıq qumara patoloji bağlılıq kimidir və internet istifadəçilərinin də 4-5 faizi bu bəlanın əsiridir.

Mütəxəssislər bu asılılığın əsas səbəbini bu gün internetin başlıca informasiya mənbəyi olmağında görürlər. İnformasiya isə hamıya lazımdır və hazırda dünyada ən bahalı maldır.

İnternet asılılığı problemi virtual şəbəkənin populyarlığının yüksəlməsi ilə daha da artır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da gerçək həyatı internetə qurban verən, smartfon və kompüterlə sutkada 8-18 saat keçirən insanların sayı artır. İnternetdən qəfil və ya məcburi imtina bu insanlarda həyəcan, emosional narahatlıq, tərki dünyalıq və az qala xof yaradır.

    in5

İnternet asılılığının yaranmasının əsas əlamətlərindən biri, bəlkə də birincisi insanın konkret saytlarla yox, “qarşısına çıxan” bütün resurslarla maraqlanması, ciddi ehtiyac olmadığı halda virtual məkanda “eşələnməsi”dir. Belələri bu və digər saytlara ehtiyaca, marağa görə daxil olmur – sırf mexaniki şəkildə saytlarda “təftiş”lə məşğul olurlar.

Məsələn, internetin əsiri olan insan poçtuna mühüm məktub gözlədiyinə görə yox, sadəcə baxmaq üçün daxil olur.

Çünki elektron poçta daxil olmaq, servisi “açmaq” ona ləzzət verir və bu ləzzəti orada yeni məktubu görmək daha da artırır. Amma internetə ifrat aludə olan insan heç bir halda problemini özü görmür və dərk etmir. Onun üzləşdiyi bəla barəsində bütün hallarda ətrafındakı insanlar danışırlar. “Sən kompüter qarşısında çox vaxt keçirirsən!” kimi narahatlıq dolu sözlər səslənirsə, deməli, siz gerçəkdən də internetdə “batan”lardan birisiniz. Belə vəziyyət isə real həyatdakı dostlarla ünsiyyətə və təmaslara çox az vaxt qoyur.

in7

İnternet asılılığa mübtəla olmuş insanları tanımaq, ayırd etmək asandır. Beləsinə nə söyləsən, cavabında “yaxşı, mənə e-maillə (vatsapla) yazarsan” deyir. Ya da dostları ilə istirahət etməyə yollandığı kafe, restoran və ya çayxanaya daxil olan kimi oranın işçilərindən “Sizdə Vay-Fay varmı?” soruşur. Səhər saatlarında isə o, yuxudan oyananda bir fincan isti çay, ya qəhvə içmək, 5-10 dəqiqə idman etmək əvəzinə başılovlu kompüterə tərəf qaçır, poçtunu yoxlayır, saytlarda gəzişir və bir ay öncənin hava proqnozuna baxır.

Qeyd etmək lazımdır ki, bir çox qərb ölkələrində bu problem ciddi araşdırılır və hətta internet asılılığı ilə mübarizə mərkəzləri yaradılır.

in8

Azərbaycanda isə bu sahədə hələ də mütəxəssis yoxdur, halbuki ölkəmizdə də internet asılılığına tutulanlar az deyil.

İnternet asılılığı ilk əvvəl görmə qabiliyyətinə təsir edir. Sürəkli, fasiləsiz gərginlik nəticəsində göz əzələləri yorulur, onlar elastikliyini itirir, gözdə quruluq və yanğı hissləri yaranır. Göz almacığı, partlamış kapilyarlar nəticəsində qızarır, künclərdə isə vaxtından əvvəl qırışlar yaranır. Göz almacığı və bəbəyə bir qədər istirahət vermək üçün kompyuterin arxasından qalxın, uzağa baxın. Həkim məsləhəti ilə nəmləndirici göz damlalarından istifadə edin. İnternet asılılığın daha bir mənfi fəsadı bel ağrıları, osteoxandroz, skolioz və donqarlıqdır. Onlar oturaq həyat tərzi nəticəsində yaranır, müalicəsi də asan olmur. Belə fəsadlarla qarşılaşmamaq üçün aptekdən çiyinləri düz, beli isə şax tutan xüsusi bandaj almaq olar. Bel ağrıları probleminin daha bir həll yolu, gimnastika və ya üzgüçülüklə məşğul olmaqdır. Bu eyni zamanda, internetdən kənarlaşmaq üçün də bir fürsətdir.

in6

Fəqət, bütün bunlara rəğmən internet asılılığının ən pis nəticəsi asosiallıq, yəni tənhalıqdır.

Bu asılılığa düşən insan dostlarla görüşmək istəmir, onlarla “Skype” vasitəsilə danışmağa üstünlük verir. O, harasa zəng vurmaq, danışıqlar aparmaq əvəzinə e-mail vasitəsilə yazışmağı üstün tutur.

Yəni internetdə nə qədər çox vaxt keçirilirsə, gerçək ünsiyyət imkanlarını o qədər itirir. İnternet asılılılığı olan insanlar çətin ünsiyyətə girir, yad mühitdə stress keçirirlər.

in4

İnternetin əsirinə çevrilməmək üçün ilk əvvəl bu problemi dərk etmək, anlamaq gərəkdir, çünki bu bəladan qurtulmaq üçün sizə sizdən savayı kimsə yardım edən deyil. Əgər bu asılıqdan qurtarmaq istəyirsinizsə, sabaha qoymayın, elə bu gündən başlayın.

Əvvəlcə hər gün internetdə nə qədər vaxt keçirdiyinizi hesablayın. Sonra isə həmin vaxtın hansı hissəsini virtual şəbəkədə həqiqətən də sizə gərəkli işlərə sərf etdiyinizi müəyyənləşdirin. Onların fərqi internetdə hər gün keçirməniz məsləhətli olan vaxtdır.

Fərz edək ki, həmin vaxt 2 saatdır. Hər gün kompüteri yandırıb işə salanda bu vaxtı unutmayın və 2 saat başa çatan kimi kompüteri söndürün. Daha bir radikal metod isə heç bir məqsəd olmadan baş çəkdiyiniz saytları blok etməkdir. Azərbaycandakı internet istifadəçiləri ilə bağlı aparılan müşahidələr göstərir ki, həmin saytlar əsasən sosial şəbəkələrdir.

Əgər, bu vasitələr də kömək etmirsə, deməli siz istifadəçi deyil, aludəçisiz, əməlli-başlı xəstəsiz. Təcili psixoloqa müraciət edin…