Gündəm

“Hava şəraiti dalğıcların axtarışına mane olur” | İtkin düşən neftçilərdən birinin cəsədi tapılıb

Xəzər dənizində neft yıma məntəqəsində faciə
258views

Bu gün təqribən saat 14:00-da Xəzərdə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyiti tapılıb.

Bu barədə jurnalistlər üçün keçirilən brifinqdə “Azneft” İB-nin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.

Onun sözlərinə görə, bu, İlham Əlihüseyn oğlu Qafarovun meyitidir: “Meyit gəminin göyərtəsinə qaldırılıb, itkin düşənlərin axtarışları davam edir”.

B.Ağarəhimov əlavə edib ki, hadisə yerinə FHN-in, Sərhəd Qoşunlarının, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və özəl şirkətlərin gəmiləri cəlb edilib: “Bundan başqa, FHN-in helikopteri cəlb olunub”.

yaaz.az Xəzər dənizində faciə 15.12.2106
Axtarışlara FHN-in helikopteri cəlb olunub

Baş mühəndis qeyd edib ki, axtarışlar “Səngəçal”, “Xərə-Zirə”, “Duvannı”, “Ələt-Dəniz” yataqlarını əhatə edən ərazidə davam etdirilir:

“Meyit “Ələt-41”-in ərazisində tapılıb. Oraya əlavə gəmilər cəlb edilib. Estakadanın çökdüyü bölgədə dərinlik 10-11 metr təşkil edir. Qəza Neft Yığəm Məntəqəsində baş vermədiyi üçün neft və qaz hasilatına heç bir təsir göstərməyib”.

O, həmçinin deyib ki, axtarışlara dalğıcların cəlb olunması nəzərdə tutulur: “Avior” gəmisi artıq hadisə yerindədir, amma hava şəraiti ilə əlaqədar axtarışlara başlamaq mümkün deyil. Hava şəraiti imkan verən kimi, dalğıclar axtarış işlərinə başlayacaq”.

Qeyd edək ki, 15.12.2016-cı il tarixində səhər saat 05 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata əsasən, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.