Psixoloji məlumatlarSağlamlıq

Bazarlıq asılılığı nədir və realdırmı?

212views

Qeyd etmək lazımdır ki, asılılığın bu forması Azərbaycanda ümumiyyətlə öyrənilməyib, odur ki, azəricə adı da yoxdur. Rusca buna “veşevaya zavisimost”, türkcə “pazarlıq asılılığı” deyirlər. Türk variantı dilimizə daha yaxın olduğundan, onun üzərində dayanmağı məqbul hesab edirik.

Boş vaxtınızda dostlarınızla birlikdə olmaq, təbiətin seyrinə dalmaq, yaxud da maraqlı bir şey oxumaq (zövqünüzdən asılı olaraq) əvəzinə mağazaları gəzirsinizsə, sizə lazım olmayan malları alırsınızsa və dayana bilmirsinizsə, deməli sizdə bazarlıq asılılığının ilkin əlamətləri müşahidə olunur.

Yemək, geyinmək, istifadə etmək kimi ehtiyaclarınızı ödəməyə xidmət etməli olan bazarlıq qəm-qüssə, ruhdan düşmə kimi duyğuların aradan qaldırılmasına yönəlirsə, hətta onlardan qurtarmaq üçün yeganə bir vasitəyə çevrilirsə, deməli, siz əməlli-başlı xəstəsiniz, həyəcan təbili döyməyin əsil vaxtıdır.

sh3

Asılılığın əsas göstəricisi adamın ehtiyacı olmadığı və aldığı məhsulları istifadə etmədiyi halda, ləzzət almaq xatirinə alverə davam etməsidir. Mütəxəssislər bazarlıq asılılığının ciddi problemlər yaradan və yalnız ilkin mərhələdə müalicə olunan bir psixoloji pozğunluq olduğunu deyirlər: “Bazarlıq asılılığı insana iqtisadi və psixoloji baxımdan çox çətin sınaqlar yaşada biləcək ciddi bir problemdir. Əsil çətinliklər bu pis vərdişin nəticəsində xərcləriniz və qazancınız arasındakı tarazlığın pozulduğu zaman meydana çıxır. Xərcləriniz nəzarətdən çıxıb idarə olunmayanda, borclarınız qazancınızı üstələməyə başlayanda və ödənə bilməyəcək səviyyəyə çatanda, «SOS» siqnalları çalınır…”

Young Woman Sitting On Sofa Shopping Online With Shopping Bags.

Doğrudur, insan alver əsnasında özünü xoşbəxt və rahat hiss edir, amma sonra peşman olur və əsəbiləşir. Bir də bazarlıq etməyəcəyinə yüz dəfə söz verir, amma özünə verilən sözlər qısa müddətdə yaddan çıxar. Hər gün lazımsız şeyləri almaqda və borclarını artırmaqda davam edir.

BBC-nin məlumatına görə, Avstraliyada yaşayan Henri Bellokun bu problemə görə ailəsi dağılıb.

Henrinin 36 yaşı vardı, Sidneydə yaşayır, sağlam həyat tərzi keçirirdi. Yaxşı maaşlı işi, xoşbəxt ailəsi vardı. Amma bazarlıq asılılığının güclənməsi ilə hər şey qurtardı. Lazımsız malları alıb evi doldurduğuna və ailəsinə baxmadığına görə, arvadı günlərin bir günü 5 yaşlı qızlarını da götürdü və evdən birdəfəlik getdi. Təbii ki, Henri peşman oldu, özünü danladı və bir də lazımsız mallar almayacağına söz verdi. Amma axırı nə oldu?

Couple Out Shopping

Henrinin artıq 40 yaşı var, mənzili tamamilə lazımsız mallarla dolu olduğundan kirayədə yaşayır. Borcları artır, hazırda 50 min dollar civarındadır. O, nəinki lazımsız malları atmaq, ya satmaq istəmir, əksinə, köhnə maşın sürür və yeni mallar almaqda davam edir. Henri 2011-ci ildən bazarlığın yeni mərhələsinə keçib, ayda bir dəfə 16 min kilometr məsafə qət edir, təyyarə ilə Sidneydən Londona gəlir və keyfiyyətli alver edir. Hər səfər ona 5-6 min dollara başa gəlir, borclar və lazımsız mallar isə artmaqda davam edir.

Hoarding: Buried Alive

Təcrübə göstərir ki, bazarlıq asılılığı, bir qayda olaraq, qadınların xəstəliyidir, yəni Henri Bellok kimi “xoşbəxtlər” tək-tükdür.

Aydındır, qadınlar daha çox pal-paltar, qızıl-zinyət əşyaları, mənzil avadanlığı almağa meyillidir.

Böyük Britaniyanın paytaxtında yaşayan Sidni Rouzun artıq 70 yaşı var. O, əsil-nəcabətli bir qadındır, atasından ona böyük adla bərabər, böyük miras da qalıb. Londonda Sidni xanımın 4 böyük evi var, amma özü kirayə mənzildə yaşayır. Çünki evlərinin hamısı ağzına kimi lazımsız mallarla doludur. O isə bu mallardan xilas olmaq fikrində deyil, onları həyatının mənası hesab edir.

sh10

Sidni 50 ildir ki, bazarlıq asılılığından əziyyət çəkir. Artıq borcların içində itib batır, kredit borcları 100 min funtu (150 min dollar) üstələyir. Doğrudur, Sidni Rouz BBC kanalına verdiyi müsahibədə psixi pozğunluqdan əziyyət çəkdiyini, bazarlıq asılılığının həyatına hakim kəsildiyini təsdiq edir, amma heç cür bu asılılıqdan yaxa qurtara bilmir. Ona hətta övladları da kömək edə bilmir.

sh4

Yuxarıda deyildiyi kimi, bazarlıq asılılığından ilkin dövrdə yaxa qurtarmaq mümkündür və lazımdır. Mütəxəssislər bunun üçün aşağıdakıları etməyi məsləhət görürlər:

– Sizə konkret bir şey lazım deyilsə, mağazalara getməyin, imkan dərəcəsində mağaza və bazarlardan uzaq gəzin.

– Bir siyahı yazın və o siyahıdakılardan başqa heç nə almayın.

– Alverə tək çıxmamağa çalışın. Yanınızda sizi dayandıracaq insanların olması olduqca əhəmiyyətlidir.

– Özünüzü pis hiss etdiyiniz anlarda rahat olmaq üçün dostlarınızla gəzməyə çıxın və ya idmanla məşğul olun.

– Asılılıqdan qurtarmaq üçün evdəki bütün lazımsız malları satın, ya da atın.

Yox, əgər siz artıq asılılığın yetkin mərhələsindəsinizsə, yəni ondan müstəqil can qurtara bilmirsinizsə, vaxt itirməyin, təcili psixoloqa müraciət edin.