Məşhurlar

Bayrağımızdakı üç rəngin ideoloji əsasının müəllifi, Əli bəy Hüseynzadə

Əli bəy Hüseynzadə
389views

Əli bəy Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edib, türkçülüyün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışıb.

1864-cü il fevralın 24-də görkəmli mütəfəkkir, yazıçı, tərcüməçi, şair, həkim, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864-17.03.1940) Salyanda doğulub. Hüseynzadə Peterburq və İstanbulda ali təhsil alıb, Bakıda “Həyat” qəzetinin, daha sonra “Kaspi” qəzeti və “Füyuzat” jurnalının redaktoru olub. 1910-cu ildən ömrünün sonunadək Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Əli bəy Hüseynzadənin əsərlərində təbliğ etdiyi “türkçülük, çağdaşlıq və islamiyyət” fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.

Azərbaycan bayrağı

Üçboyalı bayrağın ideya müəllifi türk ideoloqu Əli bəy Hüseynzadə olsa da, onu müstəqil Azərbaycan-türk dövlətinin bayrağı kimi əbədiləşdirən isə M.Ə.Rəsulzadə olmuşdu. M.Ə.Rəsulzadə, Y.Akçuraoğlu, Z.Gökalp və başqaları etiraf edirlər ki, Ə.Hüseynzadə 1906-1907-ci illərdə nəşr olunan «Füyuzat» jurnalında «islam əqidəli, türk qanlı və Avropa qiyafəli bir insan olalım» – deməklə, bütün türk xalqlarının ortaq məfkurəsinə çevrilən «türkləşmək, islamlaşmaq və müasirləşmək» ideyasının təməlini qoymuşdur. Ə.Hüseynzadənin bu «üçlü» düsturuna görə, hər müsəlman-türk müasir ruhlu milli və dini birlikdən çıxış etməlidir. Çünki Ə.Hüseynzadənin ideoloji-fəlsəfi baxışlarında milli və dini kimlik bir yerdə götürülürdü. Bunu, Ə.Hüseyn­za­də belə izah edirdi ki, islam istisna olmaqla türklərin əksəriyyəti baş­qa dinlərə ciddi şəkildə meyil və istedad göstərməmiş, gös­tə­rən­­lər isə öz etnik mənşələrini belə unutmuşlar. Ancaq mü­səl­­man türklər həm islam aləminin mühüm bir istinadgahına çevrilmiş, həm də öz tayfa və milliyyətlərini qoruyub-sax­lamı­şlar. O yazır: «Müsəlmanız, onun üçün dünyanın hər nərəsində xeyirxahı bulunduğumuz din qardaşlarımız tərəqqi etsə biz o tərəqqiyi əz canü dil alqışlarız! Türküz, ona görə də türküz. Türkün hər yerdə tərəqqi və təkamül ilə məsud olmasını arzu ediriz». Beləliklə, Ə.Hüseynzadənin türk xalqlarına çatdırmaq istədiyi fikir ondan ibarət idi ki, milli ruhlu ziyalılar islamçılıq və türkçülüklə yanaşı, bu ideyaların mahiyyəti ilə ziddiyyət təşkil etməyən Avropanın müsbət dəyərlərini də təbliğ edəcəkdir. Ancaq Qərb mədəniyyətini mənimsəmək heç də müsəlmanların, türklərin avropalaşması, avropalıları təqlid etməsi anlamına gəlməməlidir: «Türkün irtidad edib firəngləşməsi, firənglərin ya mürtədlərin tərəqqisi deməkdir, yoxsa türk, ya müsəlman tərəqqisi demək deyildir!».