Gündəm

Azərbaycanda qəbul imtahanında yeni qaydalar

Dövlət imtahan mərkəzi
206views

Prezident İlham Əliyev Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq şəxslərin təhsilini davam etdirməsini təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq məqsədi ilə orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmək üçün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin:

1.1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

1.2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.

Dövlət İmtahan Mərkəzinə sərəncama əsasən imtahanlarda iştirak üçün ödənişi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməli olan abituriyentlərin siyahısını sənəd qəbulu başa çatdıqdan on beş gün müddətində hazırlayaraq Maliyyə Nazirliyinə təqdim etmək tapşırılır.

Maliyyə Nazirliyinə sərəncama müvafiq qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunan siyahı əsasında Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq hesablanmış vəsaitin həmin siyahı təqdim edildikdən sonra on beş gün müddətində “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində (İslahatlarla bağlı xərclər) nəzərdə tutulan vəsait hesabına Dövlət İmtahan Mərkəzinə ödənilməsini təmin etmək; 2018-ci il və sonrakı illərin dövlət büdcəsinin layihələrində sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırılır.