Digər İdman

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”də qızıl medal qazandı

Judo 2017 Baku Grand Slam
316views

Ümummilli lider Heydər Əliyev adına cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri davam edir.

Yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, cüdoçularımız millimizin aktivinə 1 qızıl və 2 bürünc medal yazdırıb.

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüfət İsmayılov bütün rəqiblərinə qalib gələrək “Böyük Dəbilqə”də Azərbaycana ilk qızıl medalı qazandırıb. Cüdoçumuz finala gedən yolda Özbəkistan, Moldova, Bolqarıstan və Yaponiya idmançılarını məğlub edib. Rüfət İsmayılov həlledici görüşdə İran cüdoçusu Səid Mollaei üzərində qələbə qazanıb.

Judo 2017 Baku Grand Slam

Mükafatlandırma mərasimindən sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev cüdoçumuzu qələbə münasibətilə təbrik edib.

73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov və 63 kq çəki dərəcəsində çıxış edən Xanım Hüseynova bürünc medala sahib olublar.

Mötəbər yarışın ilk günüdə isə, Orxan Səfərov (60 kq) millimizə bürünc medal qazandırıb.

Xatırladaq ki, Heydər Əliyev Adına İdman Sarayında keçirilən və “CBC Sport” kanalı vasitəsiylə canlı yayımlanan yarışın ilkin mərhələsi saat 13:00-dan etibarən başlayır. Final görüşləri isə saat 17:00-da keçirilir. Qeyd edək ki, turnirdə 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) qalib adı uğrunda mübarizə aparır.